Ermənistanın Zəngəzur vilayətinin Azərbaycanla sərhəddə yerləşən bəzi kəndlərindən əhalinin köçürülməsi və yeni sərhəd xəttinə uyğun neytral zonanın yaradılması nəzərdə tutulur.
Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Stepan Melkonyan jurnalistlərlə söhbətində deyib.
O bildirib ki, sərhəd bölgəsində daimi yaşayış yeri olmamalıdır.
Sitat:
“İndi sərhəddə yaxın ərazilərdə insanlar yaşayır. Bütün bu kimi problemlər zamanla həll olunmalıdır. Həm Azərbaycan, həm də Ermənistan tərəfdən neytral zona olmalıdır. Bu neytral zonanı hər kəs öz ərazisində yaratmalıdır”, - sitatın sonu.

Stepan Melkonyanın sözlərinə görə, Zəngəzur bölgəsində hərbi-siyasi vəziyyət sakitdir, amma risklərin olmadığını söyləmək olmaz. O bildirib ki, Zəngəzur sakinlərinin narahatlığı təbii qarşılanmalıdır.
Qeyd edək ki, hazırda Azərbaycan sərhədçiləri Ermənistan kəndlərinin bir neçə metrliyində xidmət aparır. Xatırladaq ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyasına start verilib. Artıq demarkasiya prosesi çərçivəsində Qafan rayonundan Ağarak (Əkərək) kəndinə gedən yol tamamilə Azərbaycanın nəzarətinə verilib. Ermənilər Qafan rayonuna həmin yolun Azərbaycan ordusunun nəzarətində olan hissəsindən keçib getməlidirlər. Çünki alternativ yol yoxdur. Hazırda təhlükəsizliyə Rusiya sülhməramlıları cavabdehdir. Ermənistan hökuməti 3 il ərzində yerli əhali üçün alternativ yol çəkməlidir. Ondan sonra yol tam şəkildə Azərbaycan sərhədçilərinin nəzarətinə veriləcək.
Elvin
Missiya.Az