AZ   |   RU
Ceyhun Bayramov: "İtkin düşmüş azərbaycanlılarla bağlı Ermənistana təzyiq göstərilməlidir"

İtkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, 3 800-dən çox azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsi və Ermənistana bu istiqamətdə təzyiq göstərilməsi vacibdir.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə deyib.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri, habelə Ermənistanın təxribatı nəticəsində meydana gəlmiş vəziyyət və BQXK-nın mümkün dəstəyi barədə fikir mübadiləsi aparılıb.

BQXK Prezidenti Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığa daim açıq olduğunu və bu illər ərzində həyata keçirilən iş birliyindən məmnun olduqlarını ifadə edib. Son gərginləşmədən sonra bölgədə fəal surətdə tərəflərlə təmasda olduğu və ölkəmiz tərəfindən göstərilən dəstəyə görə minnətdarlıq bildirib.

Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və törətdiyi fəlakətlər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanla BQXK arasında mümkün əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

  • 23-09-2022, 23:07