AZ   |   RU
MOK: Azad Rəhimov vəfat edib


Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.

Missiya.Az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin feysbuk səhifəsi məlumat yayıb.

"Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik", - deyə rəsmi açıqlamada bildirilir.
Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, təhsilini 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbinin birinci sinfində başlayıb. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.

Azad Rəhimov iş təcrübəsinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1987–1989-cu illərdə Azərbaycan LKGI Xətai rayon komitəsində şöbə müdiri, 1989–1990-cı illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib.
1994-1998-ci illərdə "Ros-İMESKO" Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək "İtaldizain" Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində çalışıb.

O, Azərbaycan Prezidentinin 7 fevral 2006-cı il tarixli Sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib.
Azad Rəhimov Azərbaycan Prezidentinin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, 24 iyul 2019-cu il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
A.Rəhimov ABŞ-da müalicə alırdı.

  • 30-04-2021, 17:20