Azərbaycanın MMA idmançısı Nəriman Abbasov "Dana White’s Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxacaq.
"Report"un məlumatına görə, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.
Abbasov indiyədək 28 qələbə qazanıb və cəmi 3 dəfə uduzub. "AMC Fight Nights" turnirinin qalibi olan idmançı ardıcıl 13 döyüşdür məğlubedilməzdir.
"Marreta" ("Çəkic") ləqəbli Bonfim isə 17 görüşdə qalib gəlib, 3 döyüşdə məğlub olub. 26 yaşlı idmançı da 11 döyüşdür qələbə qazanır.
Abbasovun döyüşü ABŞ-ın Las Veqas şəhərində sentyabrın 6-da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 7 sentyabr saat 07:00) keçiriləcək. Həmin döyüş gecəsində 5 görüş olacaq. Gecənin ikinci döyüşü Abbasovun iştirakı ilə baş tutacaq.
Rodolfo Bellato (8-1-0, Braziliya) – Vitor Petrino Salvo (6-0-0, Braziliya)
Qabriel Bonfim (12-0-0, Braziliya) – Trey Uoters (6-0-0, ABŞ)
Cimmi Louson (4-1-0, ABŞ) – Kevin Şaflarski (11-1-0, Polşa)
İsmael Bonfim (17-3-0, Braziliya) – Nəriman Abbasov (28-3-0, AZƏRBAYCAN)
Tereza Bleda (5-0-0, Çexiya) – Nayara Maya (7-0-1, Braziliya)
Qeyd edək ki, Nəriman Abbasov UFC ilə 5 döyüşlük müqavilə bağlayıb. Abbasov İsmael Bonfimə qalib gələcəyi halda, UFC-nin əsas divizionunda döyüş hüququ əldə edə bilər. Hələlik Azərbaycanın MMA təmsilçilərindən UFC-də döyüşmək üçün tam hüquqa Qırğızıstanda yaşayan Rafael Fiziyev və ABŞ-da məskunlaşmış Nazim Sadıqov yiyələnib.