AZ   |   RU
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk edib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Missiya.Az "Report"a istimadən xəbər verir ki, ilk "10-luq"da yenə Azərbaycandan yalnız Şəhriyar Məmmədyarov yer alıb.

O, yeni reytinq cədvəlində 1 xal geriləsə də, 10-cu pillədə qalıb. Onun indi 2757 xalı var. Teymur Rəcəbov yenə 2747 xalla 15-ci yerdədir.

Azərbaycan millisinin sabiq üzvü Arkadi Naydiç 2666 xalla 81-cidir. Qədir Hüseynov (2661 xal) 78-ci pillədən 85-ə düşüb. Əvvəlki reytinq cədvəlində 93-cü pillədə olan Rauf Məmmədov isə ilk 100 şahmatçı siyahısını tərk edib.

Siyahıya əvvəlki kimi, norveçli dünya çempionu Maqnus Karlsen (2861 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, rusiyalı Yan Nepomnyaşi (2792 xal) isə üçüncü yerdədir. Bu şahmatçılardan yalnız Karlsen 3 xal itirib.

Qadınların reytinq cədvəlində Azərbaycan şahmatçılarından Günay Məmmədzadə 7 xal artıq toplasa da, 2473 xalla yenə 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2408 xal) 4 pillə geriləyərək 45-ci, Gülnar Məmmədova (2382 xal) isə 5 sıra geriləyərək 73-cü olub. Azərbaycan millisinin digər üzvü Xanım Balacayeva ilk "100-lüy"ə düşüb. O, 2379 xalla 75-cidir.

Qadınların reytinq cədvəlinə yenə çinli Yifan Hou (2650 xal) başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) da yenə ikincidir. Hindistanlı Hampi Koneru (2574) isə çinli Vencun Cunu (2560 xal) qabaqlayaraq ilk "3-lüy"ə düşüb.


  • 31-08-2022, 19:17