Avropa Komissiyası (AK) dəniz külək parklarının inkişaf etdirilməsi üçün 5,6 milyard avro vəsait ayırıb
.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Kopenhagendə keçirilən enerji təhlükəsizliyi üzrə Baltik dənizi ölkələrinin forumunun mətbuat konfransında bildirib.
“Avropa Komissiyası Avropa İttifaqının (Aİ) Rusiyanın enerji mənbələrindən asılılığını aradan qaldırmaq məqsədilə dəniz külək stansiyalarının inkişafının maliyyələşdirilməsinə “Yeni nəsil Avropa İttifaqı” fondundan 5,6 milyard avro ayırıb. Biz, həmçinin külək parklarının tikintisinin müddəti üçün veriləcək icazələri kəskin şəkildə azaltmaq niyyətindəyik. Stansiyaların tikintisi bir ildən çox vaxt aparmamalıdır”, - Ursula fon der Lyayen deyib.
O, ayrı-ayrı dövlətlərdə, o cümlədən də Baltikyanı ölkələrdə elektrik enerjisinin qiymətinin ilin əvvəlindən artıq təxminən 10 dəfə artdığını söyləyib.
Lyayenin sözlərinə görə, Aİ elektrik enerjisinin qiymətlərini qaz qiymətlərindən ayırmalıdır.