AZ   |   RU
Separatçılar Xankəndidə mitinqə hazırlaşır - Erməni deputatlar tədbirə qatılacaq?

Qarabağdakı separatçı erməni birləşmələri sentyabrın 2-də Xankəndidə qondarma "Artsax Respublikasının" müstəqilliyinin 31-ci ildönümünü qeyd etməyə hazırlaşır.

Missiya.Az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Xankəndidə meydanların birində baş tutması planlaşdırılan "izdihamlı" mitinqə İrəvan rəsmiləri də dəvət olunub.

Məlumata görə  Ermənistanın Hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyası sentyabrın 2-də qondarma respublikanın elan edilməsinin 31-ci ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verməyib.

Xüsusilə hakim partiyanın parlament fraksiyasının katibi Artur Hovhannisyan jurnalistlərlə söhbətində parlament fraksiyasında bu mövzuda xüsusi müzakirələrin aparılmadığını bildirib.

Ermənistan parlament müxalifətinin nümayəndələri isə qondarma respublikanın elan edilməsinin 31-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edəcəklərini bəyan ediblər.

“Sentyabrın 2-də Müqavimət Hərəkatı Xankəndidə  böyük mitinq keçirəcək. Hazırda təəssüf ki, kimin Qarabağa gedəcəyini, kimin İrəvanda qalacağını deyə bilmərəm. Buna baxmayaraq, biz Qarabağda olacağıq”-deyə Ermənistan müxalifət blokundan olan deputat Aqnessa Xamoyan bildirib.

Öz növbəsində, “Mənim şərəfim var” müxalifət blokunun parlament fraksiyasının rəhbəri Hayk Mamicanyan Qarabağ Milli Assambleyası sədrinin dəvətini şərh edərkən bildirib ki, o və həmkarları tədbirlərdə iştirak etməyə çalışacaqlar.

“Kimin gedəcəyini  deyə bilmərəm, amma bizim parlament fraksiyasının nümayəndələri Yerevanda və Xankəndidə olacaq”, - deyə,  Mamicanyan əmin edib.

Missiya.Az

  • 29-08-2022, 21:47