AZ   |   RU
"Artilleriya atəşinin ustaları" müsabiqəsinin açılış mərasimi keçirilib
Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində keçirilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.

Missiya.Az xəbər verir ki, mərasimdə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov və müavinləri, Rusiya Federasiyası müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin, hərbi attaşelər, komandalar və media nümayəndələri iştirak ediblər.

Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov qonaqları salamlayaraq "Beynəlxalq Ordu Oyunları" çərçivəsində keçilən "Artilleriya atəşinin ustaları" müsabiqəsinin başlanması münasibətilə komandaları təbrik edib və onlara uğurlar arzulayıb.

General-polkovnik R.Jaksılıkov oyunların beynəlxalq əməkdaşlığın formalaşması və inkişafında xüsusi rola malik olduğunu vurğulayıb.

Sonra Beynəlxalq Ordu Oyunlarının bayrağı qaldırılıb və müsabiqədə iştirak edən komandalar “Beynəlxalq Ordu Oyunları” marşını ifa ediblər.

Tədbirin rəsmi hissəsindən sonra yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün konsert proqramı təqdim olunub.

Qeyd edək ki, avqustun 24-dək davam edəcək "Artilleriya atəşinin ustaları" müsabiqəsində Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Ermənistan, Tacikistan, Zimbabve, Venesuella və Qırğızıstan komandaları iştirak edirlər.


  • 13-08-2022, 18:35