AZ   |   RU
Birdəfəlik ödəmə proqramının icrası hərbi ekspertlərlə müzakirə edildi
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə proqramının icrası hərbi ekspertlərlə müzakirə edilib.

Missiya.Az
xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov yeni proqramın Prezident İlham Əliyevin müharibə əlillərinə növbəti xüsusi qayğısının bariz nümunəsi olduğunu bildirib, proqramın icra mexanizmi barədə ətraflı məlumat verib. 

O bildirib ki, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə aldığı xəsarət, habelə hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərlə yanaşı, proqram həmin şəxslərdən vəfat edənlərin vərəsələrini də əhatə edir. Həmçinin xidmətlə əlaqədar əlilliyi olmuş, lakin sonradan reabilitasiya olunmuş şəxslərin, eləcə də əvvəllər hazırkı məbləğdən az sığorta ödənişi almış şəxslərin də ödənişlə təmin olunması nəzərdə tutulub. Bu da proqramın humanist prinsiplərə əsaslandığını və əhatə dairəsinin daha geniş olduğunu göstərir.

Bildirilib ki, əvvəlcə müvafiq sənədləri e-sistemlərdə olan 11 minədək şəxsə proaktiv qaydada birdəfəlik ödəmə təyin olunub, ödənişlər həmin şəxslərin bank hesablarına köçürülür, onlara bu barədə SMS göndərilir.

Görüşdə ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynov, hərbi ekspertlər Ədalət Verdiyev, Ramil Məmmədli, Rey Kərimoğlu proqramın əhəmiyyətini xüsusi vurğulayıb, təkliflərini ediblər.

Leyla Səməndər
Missiya.Az





  • 4-08-2022, 17:57