AZ   |   RU
Qorxu içində olan Ermənistan hökumətinin ümid yeri rus sülhməramlılarıdır

“Bakı Qarabağda sülhməramlı qüvvələrin əməliyyatı üçün mandat imzalamaqdan imtina edib. İrəvan isə bunu 2020-ci ilin noyabrında edib. Biz ikitərəfli formatda sülhməramlıların əməliyyati ilə bağlı mandatın imzalanmasını gözləyirik”.

Missiya.Az “Armenia News” saytına istinadən xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan hökümətin iclasında deyib.

Paşinyan bildirib ki, Rusiya Federasiyasının sülhməramlı qoşunlarının Qarabağda olması və fəaliyyəti Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin edilməsində əsas amildir.

“Biz Rusiya Federasiyasının Qarabağda təhlükəsizliyin və sabitliyin təmin edilməsində göstərdiyi səyləri yüksək qiymətləndiririk. 24 mart 2022-ci ildə Qarabağın Fərux kəndinin ələ keçirilməsi, təmas xətti boyunca atəşkəs rejiminin davamlı pozulması, Qarabağda sülhməramlıların iştirakı ilə ermənilərin fiziki və psixoloji hədə-qorxuya məruz qalması, sadəcə olaraq, yolverilməzdir.”

Paşinyan həmçinin Qarabağdakı son olaylar zamanı Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı sualların yarandığını deyib. Baş nazir vurğulayıb ki, Rusiyanın sülhməramlı qoşunlarının Qarabağa yeridilməsi əvvəldən zəruri idi.

“Amma etiraf etmək lazımdır ki, bu prosesə Azərbaycan mane olub.”

Daşqın Həsənov
Missiya.Az


  • 4-08-2022, 13:27