
Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir.Dövlətimiz müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya) və digər sahələrdə effektiv qarşılıqlı fəaliyyət həyata keçirir.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat bildirilib.
Məlumata görə, bu işdə səmərəliliyin yüksəldilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən xarici tərəfdaşlarla sıx əlaqələr qurulub, mütəmadi görüşlər keçirilərək danışıqlar aparılır. Qeyd edilən sahədə effektivliyin və operativliyin artırılması üçün yeni mexanizmlər tətbiq olunur, o cümlədən sənədlər elektron qaydada göndərilir.
Ölkəmizdə insan hüquqlarının təmin olunması, məhkəmə, ədliyyə, o cümlədən penitensiar sahədə aparılan islahatların, xüsusilə məhkumların və təqsirləndirilən şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılmasının nəticəsidir ki, qabaqcıl Avropa dövlətləri bu sahədə ölkəmizdəki vəziyyəti təqdir edərək ekstradisiya ilə bağlı müsbət qərarlar qəbul edirlər.