AZ   |   RU
TAİB-in təsisçisi QHT Agentliyinin fəaliyyətindən danışdı – AÇIQLAMA

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilən “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin yekun nəticələri açıldıqdan sonra qalib olmayan bəzi QHT rəhbərləri təəssüf ki, ədalətsiz yanaşma nümayiş etdirirlər. Onlar seçimlərin ədalətsiz şəkildə aparıldığını iddia edir, Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə kölgə salmağa çalışırlar. Türk Ağsaqqalları Birliyi (TAİB) olaraq bəzi QHT rəhbərlərinin məlum reaksiyasını ədalətli hesab etmirik. Müsabiqədə qalib gəlməyən təşkilatlar nəzərə almalıdır ki, hamıya yer vermək, bütün QHT-ləri qalib etmək mümkün deyil.”
 
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən elan edilmiş “Şuşa İli”nə həsr olunan xüsusi müsabiqənin yekunları ətrafında aparılan müzakirələrlə bağlı danışarkən deyib.
 
Ramin Əhmədov bildirib ki, QHT nümayəndələrinin müsabiqə nəticələri elan olunduqdan sonra sərgilədiyi mövqe son dövrlər vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı Agentliyin atdığı addımlara adekvat deyil: “Əlbəttə, Şuşa hər kəs üçün əzizdir. Hər bir Qeyri-Hökumət Təşkilatı “Şuşa ili”nə həsr olunmuş müsabiqədə qalib olmaq arzusundaydı. Bu, başadüşüləndir. Amma o demək deyil ki, müsabiqədə qalib gəlməyən təşkilatlar Dövlət Dəstəyi Agentliyinə qarşı ədalətsiz mövqe nümayiş etdirilməlidir. Təəssüf ki, biz sosial şəbəkələrdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinə kölgə salmağa yönəlmiş əsassız fikirlərlə rastlaşlırıq. Düşünürəm ki, həmin şəxslər belə ədalətsiz mövqe sərgiləmək əvəzinə növbəti müsabiqədə qalib olmaq üçün daha cəlbedici, maraqlı, orijinal ideyalara əsaslanan layihələr üzərində işləməlidirlər. Əsassız təndiqi fikirlər səsləndirənlər anlamalıdır ki, onlar öz təşkilatlarının imiclərinə, fəaliyyətlərinə də kölgə salırlar”.
 
Təsisiçisi olduğu təşkilatın  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini deyən Ramin Əhmədov bildirib ki, Agentlik vətəndaş cəmiyyəti inistutlarına xüsusi diqqət göstərir, QHT-lərin inkişafı üçün diqqətçəkən layihələr həyata keçirir: 
 
“Biz TAİB olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini, rəhbərliyin yeni dövrün tələblərinə uyğun davranışlarını və yanaşmalarını təqdir edir, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı atılan addımları yüksək qiymətləndiririk. Əminliklə deyə bilərik ki, Dövlət Dəstəyi Agentliyinin inovativ, qərəzssiz və peşəkar yanaşması vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin daha məhsuldar olması ilə nəticələnəcək. Qalib olmayan QHT-ləri səbirli olmağa və gələcəyə baxmağa dəvət edirik. “Şuşa İli”nə həsr olunmuş müsabiqədə qalib gələn bütün QHT-ləri isə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik”.

Missiya.Az

  • 30-06-2022, 13:55