“Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistanın silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.” Ulu Öndər Heydər ƏliyevKəlbəcəri Azərbaycanın qala qapısı adlandırırlar. Bu qədim diyarın dörd tərəfi Azərbaycanda, eləcə də Qafqazda tanınan, təkrarolunmaz dağlarla əhatələnib. Təbiətin Kəlbəcərə bəxş etdiyi nemətdən biri də onu dünyaya tanıdan dirilik suyu - İstisudur. İstisu mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlmişdir. İstisu mineral bulaq suyu hipertermal, karbon qazlı, hidro-karbonatlı-xloridli, sulfatlı-natriumludur. İstisu mineral bulaqları fəaliyyətdə olan 12 bulaqdan ibarətdir.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə dünyada məşhurdur. İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Sovetlər dövründə həmin zavod sutkada 800 min litr su istehsal edirdi.
1993-cü ildə erməni qəsbkarları tərəfindən Kəlbəcər işğal olunduqdan sonra bu qədim Azərbaycan diyarı tamamilə dağıdılmış, İstusu sanatoriyası da təcavüz nəticəsində yerlə-yeksan edilmişdir. Şanlı Zəfər qələbəsindən sonra işğaldan azad olunmuş bütün ərazilərimizdə yeni abadlıq-quruculuq və yenidən qurma işlərinə başlanılmışdır və bu gün cənab Prezidentimizin tapşırıqlarına əsasən və şəxsi nəzarəti altında Kəlbəcərdə də iri layihələr həyata keçirilir.
İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər zamanı Kəlbəcərdə su istehsalı zavodunun təməlini qoyub. İstifadəyə veriləcək zavodda həm şüşə, həm də plastik butulka istehsalı xətlərinin qurulması planlaşdırılır. Müəssisədə gündə 327 min, ildə isə 95 milyon butulka mineral su istehsal olunacaq. Suyun mənbəyinə gəldikdə, 200 metr dərinlikdə yeni quyu qazılıb. Çıxışda istilik 60-65 C dərəcəyə bərabərdir.
“İstisu” bulağının suyu kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə seçilir. Laborator analizlər göstərib ki, mineralların miqdarı 6,7 qrama çatan bir litr suyun tərkibi litium, brom, yod, mərgümüş, fosfor, sink, mis, nikel, maqnezium, dəmir və digər kimyəvi maddələrlə zəngindir. Bu bulaqların suyundan mədə-bağırsaq, qaraciyər, öd kisəsi və sair xəstəliklərin müalicəsində istifadə edilir.
Statistikaya görə, Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür.
Ulu öndər Heydər Əliyevin belə bir fikrini xatırlamaq yerinə düşərdi: “Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına, bulaqlarına, qayalarına, həm də orada olan qiymətli yeraltı sularına, mərmər yataqlarına görə çox qiymətli bir yerdir. O vaxtlar, keçmişdə Kəlbəcərin inkişafı üçün çox səylər göstərmişdik, İstisuda böyük komplekslər tikilmişdi. Bu, neçə-neçə nəsillərin yaratdıqları abidələr, yaşayış binaları idi”.
Bu gün təbiətin muzeyi, ulu insan məskəni Kəlbəcərdə yenidənqurma və bərpa işləri gedir. Çox keçməyəcək ki, möhtərəm Prezidentimizin çoxşaxəli fəaliyyəti sayəsində Kəlbəcərin əvvəlki şöhrəti qaytarılacaq, hər şey axarına düşəcək, İstisu sanatoriyasında canlanma hiss olunacaq, bu yerlər əvvəllər olduğu kimi saz-söz diyarına çevriləcəkdir.
Nərmin CəfərovaAzərbaycan Dövlət Universitetinin doktorantı