AZ   |   RU
Beynəlxalq Muğam Mərkəzində "44 gün - Tarixi zəfər" adlı Xatirə Kitabının təqdimatı keçirilib

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Beynəlxalq Muğam Mərkəzində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün “44 gün - Tarixi zəfər” adlı üç- cildliyin (“A-Ə” həriləri üzrə) birinci cildinin təqdimat mərasimi keçirilib.
 
Missiya.Az
xəbər verir ki, təbdirdə şəhid anaları, qazilər, Mədəniyyət naziri Anar Kərimov, Müdafiə Sənayesi naziri millət vəkilləri Elman Nəsirov, Arzu Nağıyev, Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzarət Məmmədova və digər rəsmi şəxslər iştirak ediblər.  

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, 44 günlük müharibədə Azərbaycan ordusu misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi. Bu, ərazi bütövlüyümüzün təmin olunması üçün vacib idi. Dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan danışan Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, nazirliyin mədəniyyət müəssisələrində minə yaxın şəhid ailəsi işlə təmin edilib. Digər çıxış edənlər Vətən Müharibəsindəki zəfərimizdən, Prezident İlham Əliyevin və Vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqətdən danışıblar.  

Tədbirin bədii hissəsində Beynəlxalq Muğam Mərkəzinin solisti Gülzar Fərəcova “Xudayar təsnifi”ni oxuyub, Rövşən Qurbanov tarda Ceyhun Muradov isə kamançada onu müşayiət edib. Sonra bədii qiraət ustası Zülfiyə Eldarqızı şerilər səsləndirib. Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzarət Məmmədova Missiya.Az-yə açıqlamasında Respublika Xatirə Kitabı Redaksiyasının fəaliyyəti barədə danışıb.  

“Kitabın indiyədək 20-yə yaxın cildi çap olunub. Kitabda, həmçinin İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir. “Xatirə kitabı” bu günədək keçmiş SSRİ ölkələri ilə yazışmalar aparıb, İkinci Dünya müharibəsində iştirak etmiş və itkin düşmüş şəxslər barədə məlumatlar toplayıb.
 O zaman 4 milyon olan Azərbaycan xalqı İkinci Dünya müharibəsinə 680 min hərbiçi yollayıb, onlardan 300 minə yaxın şəxs geri qayıtmayıb. Redaksiya, həmçinin Azərbaycan milli qəhrəmanları haqqında kitablar nəşr etdirib, “Vətən daşı və ya 44 günün dastanı” layihəsi çərçivəsində 8 film çəkdirib. Redaksiyanın budəfəki nəşri 44 günlük Vətən müharibəsində canlarından keçmiş şəhidlərin xatirəsinə həsr olunub.”

 


 
 
             








  • 24-06-2022, 19:54