AZ   |   RU
Əlilliklə bağlı yeni meyarlar qüvvəyə minir - Bu xəstəlikləri olanlar da pensiya ala biləcəklər - VİDEO

Azərbaycanda əlillik sahəsinə daha bir islahat xaraketli qanunun qüvvəyə minməsinə sayılı günlər qalıb. Hazırkı qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən edilir, lakin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklər qüvvəyə mindikdən sonra bu xəstəliklərin sayı təxminən 650-yə qədər artırılacaq.

Yeni meyarlar hazırda əlilliyi olan şəxslərə əlillik dərəcələrinin qüvvədə olma müddəti bitdikdən sonra şamil olunacaq. Dəyişikliklərlə bağlı əlilliyin təyinatı ilə əlaqəli üç dövlət qurumu - Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və TƏBİB arasında da internet mübadiləsi aparılıb, elektron bazaları bir-biriləri ilə əlaqələndirilib.

Yeni qaydalara əsasən, əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz itirilməsi isə I qrup hesab olunacaq.

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Missiya TV-yə açıqlamasında bildirib ki, dəyişikliklərdən sonra həm şəffaflıq təmin olunacaq, həm üzləşdiyimiz bir sıra problemlər aradan qalxacaq, həm də vətəndaşların vaxtında informasiya almaq imkanı olacaq.

Millət vəkili dəyişikliklərdən sonra hansı xəstəliyi olan şəxslərin əlillik təyinatından yararlana biləcəyi barədə də danışıb. O bildirib ki, əlillik təyinatı ilə bağlı meyarlar və xəstəliklərin adları saytlarda yerləşdiriləcək.

Musa Quliyev bildirib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişikliklərin icrası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin xüsusi xidmətinin həyata keçirəcək və amma TƏBİB və Səhiyyə nazirliyi də öz klinikalarında əlilliklə bağlı göstərişlərin olub-olmaması ilə bağlı müvafiq formaların doldurulması səlahiyyətlərini özündə saxlayacaq.

Zərintac Mayisqızı
Hüseyn Babayev
Heydər Həsənli
Missiya.Tv

  • 23-06-2022, 18:04