Baş nazir Əli Əsədov bu gün Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusla görüşüb.Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüşdə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumunun əhəmiyyəti vurğulanıb, Forumun dünya miqyasında aktual məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrildiyi bildirilib.
Azərbaycan ilə ÜST arasında səmərəli əməkdaşlığın olduğu məmnunluqla qeyd edilib. Görüşdə Azərbaycanda səhiyyə sistemində aparılan köklü islahatlar barədə söhbət açılıb.
Bildirildi ki, Prezident tərəfindən müəyyən edilmiş uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri səhiyyənin inkişafı, əhalinin dünya standartlarına uyğun tibbi yardımla təmin olunmasıdır.
Baş nazir Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirib.
Pandemiya ilə mübarizə istiqamətində Azərbaycanda görülən işlərdən bəhs edildi, ölkəmizdə xəstəliyin ilk günlərindən infeksiyanın qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlərin görüldüyü vurğulanıb. Bildirilib ki, bu gün Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, məhdudiyyətlər tədricən aradan qaldırılır, hazırda çox az sayda məhdudiyyətlər qalıb.
Eyni zamanda COVID-19 ilə mübarizə sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr diqqətə çatdırılıb. Bildirildi ki, Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı göstərib. Azərbaycan Prezidentinin təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirus xəstəliyi ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının, Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirildiyi qeyd edilib.
Bununla yanaşı BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edildiyi vurğulanıb.
Həmçinin “vaksin millətçiliyi” və vaksinlərdən istifadə ilə bağlı qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsinin vacibliyi qeyd edilib.
Tedros Adhanom Qebreyesus Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına bütün sahələrdə, o cümlədən maliyyə sahəsində etdiyi yardımı yüksək qiymətləndirib. Pandemiyanın başladığı dövrdən Azərbaycanın xəstəliklə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün irəli sürdüyü təşəbbüslərin əhəmiyyəti vurğulanıb.
Görüşdə, həmçinin Azərbaycan ilə Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.