AZ   |   RU
BMT və ATƏT təcavüzkarı təcavüzkar adlandırmadı – Hikmət Hacıyev
“30 illik işğal zamanı beynəlxalq təşkilatlar Qarabağ münaqişəsi tərəflərinə qarşı ikili standartlar tətbiq ediblər. BMT, ATƏT-ə üzv olduğu dövrdə Azərbaycan Ermənistanın təcavüzünə məruz qalıb, lakin bu beynəlxalq təşkilatlar Ermənistanı işğalçı adlandırmayıblar.” 

Missiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IX Qlobal Bakı Forumunda “Qlobal dünya düzəninə təhdidlər” mövzusunda çıxışı zamanı deyib. O, “Qlobal təhlükəsizliyin strukturuna yenidən baxılması və sülh perspektivləri” panelində çıxış edib. Hacıyev xatırladıb ki, BMT Təhlükəsizlik Şurası Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. "Qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi tələb olunurdu, lakin bu qətnamələr yerinə yetirilmədi. Digər tərəfdən, biz ikili standartlarla üzləşdik. Postsovet məkanında baş verən digər münaqişələrdə də ölkələrin ərazi bütövlüyü birmənalı şəkildə tanınırdı. Azərbaycana münasibət ikili standartlara əsaslanırdı”, - deyə o bildirib. 

Xatırladaq ki, Azərbaycanın paytaxtında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin IX Qlobal Bakı Forumu öz işinə başlayıb. İyunun 18-dək davam edəcək forumun iştirakçıları keçmiş və indiki dövlət və hökumət başçıları, gənc liderlər də daxil olmaqla, 53 ölkədən 400-ə yaxın nümayəndə olacaq.


  • 16-06-2022, 17:30