AZ   |   RU
“Minsk Qrupunun həmsədrləri işsiz qalacaqlarından qorxurlar” - Bəyanata politoloqdan SƏRT REAKSİYA
 
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) Azərbaycan və Ermənistan rəhbərliyini siyasi dialoqa çağırması geniş müzakirələrə səbəb olub.

Bəyanat imzalayan həmsədrlər tərəfləri ATƏT-in Minsk Qrupunun müşahidəsi altında “ən yaxın fürsətdə yüksək səviyyəli siyasi dialoqa başlamağa” çağırıblar. 

30 il ərzində münaqişənin həllinə heç bir töhfə verməyən həmsədrlər tərəflər arasında hansı siyasi dialoqun təşkilindən danışırlar? Azərbaycan bitmiş münaqişə ilə bağlı hansı müzakirələri apara bilər?

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Missiya.Az-a açıqlamasında bildirib ki, Minsk Qrupunun həmsədrləri bu illər ərazində münaqişənin həllinə heç bir töhfə verməyiblər: “ATƏT-in MQ-nun keçmiş amerikalı həmsədri Riçard Hoqland son açıqlamasında etiraf etdiyi kimi, onlar uzun müddət təmtəraqlı həyat tərzi keçirib, bahalı otellərdə qalıblar. Amma 30 il müddətində münaqişənin həllində heç bir irəliləyişə imza atmayıblar. İndi hansı siyasi dialoqdan söhbət gedə bilər? Biz yalnız son sülh müqaviləsi barədə danışıqlar apara bilərik. Münaqişə demək olar ki, həll olunub. Həmsədrlər işsiz qalacaqlarından qorxurlar”.

Politoloq bildirib ki, müəyyən dairələr Xankəndinin statusunu gündəmə gətirmək istəyirlər: “Azərbaycan isə hər hansı status ətrafında danışıqlar aparmaq istəmir. Status məsələsi, ölkə prezidenti İlham Əliyevin söylədiyi kimi gorbagor olub. 50-60 min erməninin yaşadığı bölgə üçün hansı statusdan söhbət gedə bilər? Həmin ermənilər Azərbaycan sərhədləri daxilində, qanunlarımıza uyğun olaraq yaşamaq istəyirlərsə, yaşasınlar. Azərbaycan onların separatçı arzularını reallaşdırmasına imkan verməyəcək. Bizə ATƏT-in Minsk Qrupunun  bu istiqamətdə göstərdiyi səyləri lazım deyil. Hazırda münaqişənin həllində Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya rol oynayır”.  

Qabil Hüseynli rusiyalı həmsədr İqor Popovun Minsk Qrupunun yaydığı bəyanata imza atmasına da münasibət bildirib: “Rusiyalı həmsədr də bəyanata imza atıb. Digər tərəfdən, Rusiya sülhməramlıları Dağlıq Qarabağda fəaliyyət göstərir. Rusiya ikibaşlı siyasət aparır. Azərbaycan və erməni xalqının işinə heç bir dövlət qarışmamalıdır. Hər iki xalq özü öz problemlərini həll edə bilər”.

Elvin Məmmədov
 Missiya.Az


  • 14-04-2021, 18:19