İyunun 13-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş "Tarix yazan liderlər" mövzusunda konfrans keçirilib. Missiya.Az xəbər verir ki, Milli Qurtuluş Gününə həsr olunmuş konfrans Türk Ağsaqqalları Birliyi - TAİB-in, Qırğızıstan-Türkiyə “MANAS” Universitetinin və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev, millət vəkili, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elman Nəsirov, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rektoru, professor Alpaslan Ceylan, TAİB İdarə Heyətinin üzvü, əməkdar həkim Məcid Hacıyev, təşkilatın İcra Aparatının rəhbəri Nicat Dağlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Elnur Eltürk, Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, Qırğızıstandakı Azərbaycan diasporunun üzvləri, ölkənin tanınmış ziyalıları universitetin tələbələri və müəllimləri iştirak ediblər.
Konfransda əvvəlcə Azərbaycanın və Qırğızıstanın Dövlət Himnləri səsləndirilib.
Böyük maraqla qarşılanan konfransı giriş sözü ilə açan Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rektoru, professor Alpaslan Ceylan qonaqları salamlayıb, TAİB nümayəndələrini “Manas” Universitetində görməkdən şad olduğunu bildirib. Alpaslan Ceylan çıxışı zamanı Türk Ağsaqqalları Birliyinin Türkdilli ölkələr arasında əlaqələrin inkişafına töhfə vermək istəyini alqışladığını, “Manas” Universitetinin də TAİB-in təşəbbüsü ilə təşkil olunan layihələrdə iştirakda maraqlı olduğunu qeyd edib. Rektor Türk xalqları arasında birliyin möhkəmləndirilməsinin tarixi zərurət olduğunu deyib və Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Türk dövlətləri arasında əlaqələrin inkişafı üçün göstərdiyi səylərinin yüksək qiymətləndirildiyini vurğulayıb.
Milli Qurtuluş Gününün mahiyyəti barədə danışan Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Südeif İmamverdiyev qonaqları 1990-cı illərin əvvəllərində Azərbaycanda yaşanan hərc-mərclik, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və həmin dövrdə Qarabağın işğal edildiyi barədə məlumatlandırıb.
Südeif İmamverdiyev həmin dövrdə səriştsiz idarəçilik nəticəsində Azərbaycanın müstəqilliyini itirmək üzrə olduğunu, Ulu Öndər Heydər Əliyevin xalqın çətin anında liderlik missiyasını öz üzərinə götürdüyünü, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün misilsiz töhfələr verdiyi deyib. TAİB sədri bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan inkişaf və çiçəklənmə dövrünə qədəm qoydu, sürətli ordu quruculuğu həyata keçirildi. Südeif İmamverdiyev Ulu Öndərin Türk xalqları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük töhfə verdiyini diqqətə çatdırıb.
Millət vəkili, professor Elman Nəsirov da Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyindəki rolundan danışıb. Elman Nəsirov tarixi faktlara əsaslanaraq, 90-cı illərin əvvəllərində Azərbaycandakı həm siyasi, həm də iqtisadi qeyri-sabitliyə diqqət çəkib və eyni zamanda, Heydər Əliyevin ölkəmizi hansı çətinliklərlə inkişaf yoluna gətirdiyindən danışıb.
Millət vəkili “Əsrin Müqaviləsi”nin imzalandığı dövrdə yaşanan gərginlikdən, böyük şirkətlərin Azərbaycana investisiya qoymaq istəməməsindən, analitik mərkəzlərin ölkəmizdəki ictimai-siyasi sabitliyinin olmaması ilə bağlı dərc etdiyi məlumatlara diqqət çəkib. Elman Nəsirov bildirib ki, Ulu Öndər Azərbaycanı hərc-mərclikdən, anarxiyadan xilas etdikdən və böyük dövlətlərin imamını qazandıqdan sonra “Əsrin Müqaviləsi” layihəsini həyata keçirmək mümkün oldu. Millət vəkili böyük dövlətləri Heydər Əliyev şəxsiyyətinə inanaraq, Azərbaycanla milyardlarla dollarlıq layihələrə imza atdığını vurğulayıb. Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov isə konfransda çıxışı zamanı Ulu Öndərin ölkəmizin müstəqilliyinin ilk illərində diplomatik uğurlarımız üçün göstərdiyi təşəbbüslərdən danışıb.
Səfir Sovet rəhbərliyinin, xüsusilə prezident Mixail Qorbaçovun Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə qisqanclıqla yanaşması, eyni zamanda, ona qarşı haqsız davranışlara toxunub və bildirib ki, Ümummilli Lider bütün təzyiqlərə böyük qətiyyətlə sinə gərib, qadağalara baxmayaraq, Azərbaycan xalqının yanında olub, dövlətimizin taleyinə biganə qalmayıb.
Lətif Qəndilov vurğulayıb ki, Azərbaycan xalqı heç vaxt Ulu Öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi və inkişafı üçün gördüyü işləri unutmayacaq, həmişə yüksək qiymətləndirəcək. Konfransın sonunda Qırğızıstan-Türkiyə “Manas” Universitetinin rəhbərliyi adından Türk Ağsaqqalları Birliyi – TAİB-in nümayəndələrinə Universitetin xüsusi hədiyyələri təqdim olunub.