Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Ordumuzun 30 ilə yaxın işğal altında qalan tarixi torpaqlarımızı azad etməsindən sonra Ermənistanda hərbi vəziyyətlə yanaşı, siyasi, sosial-iqtisadi durum da hər ötən gün iflasa doğru getməkdədir. Onsuz da vəziyyəti bərbad olan ölkədə müharibədən sonra yaranmış qeyri-stabil siyasi vəziyyət, hökumətin istefası tələbləri, artıq bir neçə nazirin istefaya göndərilməsi, qaçqınlar probleminin kəskinləşməsi, müharibədən sonra məlum səbəblərdən tibbi və sosial xərclərin kəskin artımı və digər amilləri də nəzərə alanda vəziyyətin nə dərəcədə ağır olduğunu görmək mümkündür. Təbii ki, bu, hələ müharibədən ötən qısa vaxtda baş verənlərdir. İşğalçı ölkə vəziyyətin nə qədər qorxunc olduğunu, regionda sülhün bərqərar olunması üçün heç bir səy göstərmədikcə ağır nəticələrini qarşıdakı dövrdə daha dərindən hiss ediləcəyini təkcə beynəlxalq iqtisadçılar deyil, Ermənistandakı mütəxəssislərin özləri də etiraf edirlər.Belə ki, hələ müharibənin bitməsindən qısa müddət sonra Ermənistan mətbuatında bu ölkəni gözləyən kədərli iqtisadi perspektivlər barədə iqtisadçı, “Alternativ” Araşdırma Mərkəzinin rəhbəri Tatul Manaseryanın fikirləri dərc edilmişdir. İqtisadçı həyəcan təbili çalaraq, bu gedişlə Ermənistanın onsuz da aşağı olan kredit reytinqinin kəskin şəkildə enəcəyini və ölkənin xaricdən borc ala bilməyəcəyini bildirmişdir. Bu isə Ermənistan iqtisadiyyatı üçün ölümə bərabərdir:
“İqtisadi geriləmə obyektiv səbəblərlə bağlı idi. Lakin buna siyasi qeyri-sabitlik də əlavə olunduqda ölkənin kredit reytinqi daha da bərbad olacaq.”
Ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində məlum çıxışı zamanı da ciddi açıqlamalar verdi: “Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır”.
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.
“Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və Qarabağ məsələsi ərazi deyil, hüquq məsələsidir”.
Hökumət başçısı İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış durumdan da danışıb. Yerli sakinləri Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməyə çağırıb: “Biz otuz il özümüzü aldatdıq və nəhayət, indi baş verənlər oldu”. Paşinyan bildirib ki, Ermənistan Zəngəzurdan keçib Naxçıvana gedən yolu bağlaya bilməz:
“Çünki Azərbaycan Prezidenti İlham Əliyev buna hərbi yolla nail olmağa çalışacaq. Bizim isə qarşıdurma üçün resursumuz yoxdur”. Əslində Paşinyan bu sözlərlə ölkə ictimaiyyətini mövcud reallıqlarla barışmağa, əks təqdirdə hərbi əməliyyatların qaçılmaz olduğuna inandırmağa çalışırdı. Paşinyan yaxşı başa düşür ki, sülh müqaviləsi tez bir zamanda imzalanmasa, nə Türkiyə ilə münasibətlər normallaşacaq, nə də Ermənistan xarici təsirdən xilas ola biləcək.
Bu gün Cənubi Qafqazda sabitlik naminə mühüm addımlar atılır. Azərbaycan 44 günlük Zəfər yürüşündən sonra Qarabağda bərpa-quruculuq işlərini reallaşdırır, regional layihələr vasitəsilə bölgənin beynəlxalq əhəmiyyətini artırmaq üçün əməli səylər göstərir.
Göründüyü kimi, Azərbaycanın qələbəsi hərbi, iqtisadi böhran məngənəsində çapalayan Ermənistanı daha da böyük siyasi xaosa sürüklədi. Hərbi, siyasi, diplomatik məğlubiyyət yaşayan Ermənistan bir tərəfdən də vətəndaş müharibəsi girdabına yuvarlandı.
Ümumiyyətlə, bölgədə mövqelərini durmadan möhkəmləndirən Azərbaycanla əks qütbdə qərar tutan Ermənistan hazırda siyasi və iqtisadi burulğanda boğulmaqdadır.
Ermənistan hələ də revanşizm xəstəliyindən qurtara bilmir və sosial-siyasi geriləməsini davam etdirir. Hazırda İrəvan şəhəri hökumət əleyhdarlarının və onlara qarşı tədbirlər görən polisin əzələ nümayişi meydanına dönüb. Əhali səfalət içindədir və sabaha inamını tamam itirib. İrəvanda Paşinyana qarşı olan qüvvələr daha da fəallaşaraq yenidən etiraz aksiyalarına başlayıblar. Ölkədə iğtişaş salmaq istəyən qruplar daha çox canfəşanlıq edirdilər. Əslində sadə vətəndaşlar yaxşı bilir ki, Ermənistan üçün ən optimal variant Azərbaycanla razılığa gəlməkdir. Çünki Ermənistan məğlub olub və Qarabağ öz sahibinə qovuşub. Azərbaycanın haqlı tələbləri ilə razı olmasa, bu ölkə daha da çökəcəkdir.
Bu gün də təxribatların qarşısının alınması, sərhədlərin delimitasiya və demarkasıyasının gerçəkləşməsi, Zəngəzur dəhlizi vasitəsilə nəqliyyatlogistika imkanlarının artırılmasına nail olunması və sair bu kimi məsələlərdə qətiyyət göstərən və üstün mövqedə olan tərəf də Azərbaycandır. Son Brüssel görüşünün də Azərbaycanın ümummilli maraqlarına tamamilə uyğun olduğunu söyləmək mümkündür.
Danışıqlarda Dağlıq Qarabağ adlı ifadəyə yol verilməməsi, belə bir inzibati ərazi vahidinin ümumiyyətlə mövcudluğuna işarə edilməməsi bir daha Azərbaycanın əzmkar diplomatik üstünlüyünü təsdiqləyir.
Qarabağın tarixi və coğrafi ərazi kimi Azərbaycanın inzibati bölgəsi olmasının rəsmi şəkildə Avropa İttifaqı Şurası və beynəlxalq birlik tərəfindən birmənalı olaraq qəbul edilməsi ölkəmizin ərazi bütövlüyünə növbəti etimadın nümunəsi hesab edilməlidir. Bu isə ermənilərdə güclü təşviş yaradır.
Brüssel görüşündən sonra Paşinyanın Qarabağın “statusu”nu arxa plana keçirməsi, bölgədə sülhün və sabitliyin təmin olunmasında yalnız Azərbaycan mövqeyini dəstəkləməklə mümkün olduğunu anlamsı, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində fəallığa başlaması müxalifətə yeni fürsətlər yaradıb. Hazırda radikal müxalifətin bütün qanadları baş nazir Nikol Paşinyanı devirmək üçün birləşib. Ermənistan müxalifətinin bir neçə gündür paytaxt İrəvanda başlatdığı etiraz aksiyaları daha da şiddətlənib.
Polislə etirazçılar arasında paytaxtın mərkəzi küçələrində iğtişaşlar başlayıb, küçə qarşıdurmaları genişlənib.
“Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan da müsahibəsində birləşmiş müxalifət İrəvanın mərkəzindəki “Fransa meydanı”nda çadırlar quraraq genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarının gnişlənəcəyini dilə gətirib. Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan, ölkənin ikinci prezident olmuş Robert Köçəryan da ölkənin vətəndaş qarşıdurmasında iğtişaşçılar arasındadır.
Görünən odur ki, ölkədə yaranan böhranlı vəziyyət insanları hakimiyyət barədə daha pessimist düşünməyə vadar edir. Bu da insanların davranışına və əhvali-ruhiyyəsinə təsir edir. Böhran Ermənistanda həyatın bütün sahələrini ağuşuna alıb. Yalnız iqtisadi sferada baş verənlər vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir. Bütün hallarda proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.
Bu arada bir neçə məqamı da vurğulamaq yerinə düşər: Vətəndaş qarşıdurması timsalında iğtişaşlar birmənalı olaraq ölkənin xilasına deyil Paşinyanın devrilməsinə yönəlib. Hökümət başçısının devriləcəyi real görünməməklə yanaşı əslində heç nəyi də dəyişmir: Birincisi, etirazçıları Ermənistanın ağır durumu və gəlcək taleyi qətiyyən maraqlandırmır.
Çünki, bunula bağlı real planları da yoxdur. İkincisi, etirazçıları xalq və onun ağır durumu yox hakimiyyət maraqlandırır.
Üçüncüsü, sadə xalq bunu yaxşı bilir ki, Paşinyanın devrildiyi təqdirdə hakimiyyətə gələn qüvvəllər kreslo üzərində davada ölkəni daha da ağır və çıxılmaz vəziyyətə salacaqlar. Bütün bunlar isə Ermənistanın birmənalı sonu deməkdir.
Arzu Abdullayev
Tarix üzrə fəlsəfə doktoru