AZ   |   RU
Deputat: Son illərdə dünyanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu artmaqdadır

Bu gün Azərbaycanın bütün uğurlarının təməlində düşünülmüş, məqsədyönlü daxili və xarici siyasət dayanır. Bu siyasətdə Azərbaycan dövlətinin və xalqının maraqları prioritetdir. Region və dünya dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı hörmət zəminində qurulan münasibətlərin bünövrəsində ulu öndər Heydər Əliyevin siyasi xətti, ideya və düşüncələri dayanır. Ümummilli Liderin siyasi xəttinin davamçısı olan Prezident İlham Əliyev bu strategiyanı çox böyük uzaqgörənlik və ustalıqla həyata keçirir, addım-addım irəliyə aparır. Məhz bu siyasətin nəticəsində Azərbaycan gündən-günə daha böyük uğurlara imza atır. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycan dünya dövlətləri sırasında sayılıb-seçilən ölkələrdən birinə çevrilib. Biz bunu Azərbaycan-ABŞ münasibətlərində, Cozef Baydenin Prezident İlham Əliyevə ünvanladığı son məktublarında da aydın görürük.

Missiya.Az
xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

Deputatın sözlərinə görə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında 30 il ərzində mövcud olan diplomatik münasibətlərin məntiqi nəticəsidir ki, ABŞ bu gün də Azərbaycanın sadiq tərəfdaşıdır. ABŞ Prezidenti bunu açıq şəkildə dilə gətirir və ölkəmizlə münasibətlərə yüksək qiymət verir.

“O da reallıqdır ki, son illərdə dünyanın enerji təhlükəsizliyinin təminatı sahəsində Azərbaycanın rolu artmaqdadır. Xüsusilə Rusiya-Avropa münasibətlərinin kəskinləşdiyi, ölkələr dünya müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, neftin hər barelinin, qazın hər kubmetrinin böyük dəyər kəsb etdiyi bir vaxtda Azərbaycan kimi neft-qaz ölkəsinin, üstəlik, neft-qaz kəmərlərinin keçdiyi tranzit bir respublikanın əhəmiyyəti nəzərə alınmaya bilməz. Dünyanı respublikamızla bağlı məmnun edən digər cəhət isə odur ki, Azərbaycan həm milli, həm də dini baxımdan hər kəsə örnək olan multikultural və tolerant, bölgədə və dünyada sülhə, əmin-amanlığa, iqtisadi inkişafa çalışan, ən kasıb ölkələrə yardım edən bir ölkədir. Dünya dövlətləri də bunu anlayırlar ki, Azərbaycan kimi bir ölkədən onlara zərər gəlməz. Onlar bizimlə əməkdaşlıqdan yalnız xeyir, qazanc götürə bilərlər”,- deyə Ə.Ələkbərli vurğulayıb.

Deputat əlavə edib ki, regional və qlobal bazarların sabitləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan Transxəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında da Azərbaycanın çox böyük rolu var. Beynəlxalq ictimaiyyət ölkəmizin öz prinsiplərinə nə qədər sadiq qaldığına Rusiya-Ukrayna müharibəsi zamanı bir daha şahid oldu. Rusiya ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, Azərbaycan Ukrayna üçün həyati əhəmiyyət kəsb edən yanacaq təchizatı və humanitar yardım ilə bağlı dəstəyini davam etdirdi.

Milli Məclisin deputatı, həmçinin deyib: “ABŞ böyük siyasi təcrübəyə və gücə malik, dünyada və regionda baş verən hadisələrin əsas aktoru olan bir dövlətdir. ABŞ Prezidenti Cozef Baydenin Azərbaycanla davamlı tərəfdaşlıq və əməkdaşlığa sadiq olduqlarını dilə gətirməsi də təsadüfi deyil və ölkəmizin dünyada günbəgün möhkəmlənən mövqeyinə, artan nüfuzuna dəlalət edir.

  • 3-06-2022, 18:01