AZ   |   RU
Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması qarşılığında alyansdan nələr tələb edə bilər? - ŞƏRH

Finlandiya və İsveçin NATO-ya üzv olması ətrafında qalmaqal səngimək bilmir. Həm Rusiya, həm də NATO üzvü olan Türkiyə və Xorvatiya Skandinaviya ölkələrini alyansa daxil olmaq istəyinə qarşı çıxıblar. 

Əsas müzakirə Türkiyənin üzvlüyə qarşı çıxması ətrafında gedir.  Ankara niyə Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşı çıxır? Rəsmi Ankara bəyan edir ki, terrorçu elan etdiyi şəxslər Finlandiya və İsveç tərəfindən müdafiə olunur. 

Türkiyənin üzvlüyə qarşı çıxmasına digər səbəb isə Suriyada hərbi əməliyyatlara başladıqdan sonra həmin ölkələr tərəfindən Ankaraya qarşı qoyulan silah embarqolarıdır. 

Rəsmi Ankara bu məsələdə keçmişdə etdiyi səhvləri təkrarlamaq istəmir. Çünki 1974-cü ildə Türkiyənin Şimali Kiprə qoşun yeritməsindən sonra Yunanıstanla münaqişə yaşamış və yunan tərəfi NATO-nu tərk etmişdir. 

Yunanıstan blokdan ayrılmasına baxmayaraq, bir müddət sonra Alyansa geri dönmək istəsə də, Ankara buna qarşı çıxmışdır. Ancaq 70-ci illərin ikinci yarısından ABŞ-la Türkiyə arasında dəfələrlə bu barədə görüşlər təşkil olunub və Ankaraya qarşı müxtəlif təzyiqlər olmuşdur. Nəhayət, 1980-ci ildə Türkiyə Yunanıstanın NATO-ya yenidən daxil olmasına yaşıl işıq yandırmışdı. Görünən odur ki, ABŞ Finlandiya və İsveçin alyansa daxil olmaları üçün Türkiyəyə yenidən təzyiqlər göstərəcək. 
Amma Türkiyə indi daha güclüdür və Qərb dövlətlərinin təzyiqlərinə müqavimət göstərəcək potensiala malikdir. 


Təbii ki, Qərb dövlətləri Ankaranın şərtlərini qəbul etməsə, Türkiyə hakimiyyətinin qeyd edilən ölkələrin NATO-ya üzvlüyünə “hə” deyəcəyi inandırıcı deyil. 
Çox ehtimal ki, Ankara əlinə düşən bu tarixi fürsətdən maksimum dərəcədə yararlanmağa çalışacaq. 

Türkiyə bu məsələdə güzəştə gedəcəyi təqdirdə onun istədikləri nələr ola bilər:

1) Türkiyə yenidən F-35 proqramına geri qaytarılacaq və F-16 döyüş təyyarələrinin ehtiyyat hissələri Ankaraya veriləcək. Bildiyimiz kimi Türkiyə Rusiyadan S 400 hava hücumundan müdafiə sistemləri aldıqdan sonra ABŞ-la arasında qalmaqal yaranmış və Ankara F-35 qırıcılarının pulunu öncədən ödəməsinə baxmyaraq bu proqramnan kənarlaşdırılmışdı. Bu azmış kimi Türkiyədən hava qüvvələrinin əsasını təşkil edən F-16 qırıcılarının ehtiyyat hissələrinin də Ankaraya verilməsi qadağan edilmişdi;

2) Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə “hə” deməsi qarşılığında sanskiyaların ləğv edilməsini tələb edəcək; 

3) Türkiyənin terrorçu kimi tanıdığı və dəfələrlə təhvil verilməsini tələb etdiyi həmin şəxslərin Ankaraya qaytarılmasını tələb edəcək. 

Türkiyə və ABŞ arasında bu məsələ ilə bağlı müzakirələr davam etdikcə, Vaşinqton Ankaraya qarşı müxtəlif təzyiqlərdən istifadə etməyə çalışacaq. Ancaq ABŞ da yaxşı bilir ki, Türkiyə 80-ci illərdəki Türkiyə deyil ki, ölkədə Rəcəb Tayyib Ərdoğana qarşı çevriliş planları hazırlayıb onu devirə bilsin. Çox ehtimal ki, Ankara və Vaşinqton bir-birlərinə qarşılıqlı şəkildə müəyyən güzəştlər edərək, bu məsələnin həllində ortaq məxrəcə gələ biləcəklər.

Daşqın Həsənov 
Missiya.Az 


  • 20-05-2022, 17:28