AZ   |   RU
Xilaskar və qurucu lider Heydər Əliyev

Hər bir xalqın tarixində dönüş yaradan, dövləti və xalqı təhlükələrdən xilas edən, mənsub olduğu milləti qələbələrə aparan liderlər olub. Heç şübhəsiz ki, bu il anadan olmasının 99-cu ildönümünü qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyev də Azərbaycan xalqı üçün belə bir xilaskar liderdir. Çətin, mürəkkəb geosiyasi vəziyyətin hökm sürdüyü bir vaxtda Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev doğrudan da ölkəmizi müstəqilliyini itirməkdən və dağılmaqdan xilas etdi. 

Gəlin, öncə buna qədər baş verən bəzi hadisələrə diqqət edək. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqillik əldə etsə də, ölkədə xaos, özbaşınalıq hökm sürürdü. Ölkədə ayrı-ayrı siyasi qruplara mənsub qanunsuz silahlı dəstələr vardı və bu, vətəndaş müharibəsi təhlükəsi yaradırdı. Bu vəziyyətdən istifadə edən Ermənistan öz işğalçılıq planlarını genişləndirirdi. Azərbaycanın paytaxtında isə AXC ilə Ayaz Mütəllibov tərəfdarları arasında hakimiyyət davası gedirdi. Nəticədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanda XX əsrin ən böyük faciələrindən olan Xocalı soyqırımı baş verdi. Bundan sonra hakimiyyətdən uzaqlaşdırılan Mütəllibov rejiminin yerini heç bir dövlət idarəçiliyi təcrübəsi olmayan AXC iqtidarı tutdu. Qarabağ problemini həll etmək, ölkədə demokratik dəyişikliklərə nail olmaq vəd edən AXC iqtidarı nəinki buna nail ola bilmədi, əksinə Qarabağ problemi daha da kəskinləşdi, yeni ərazilər itirildi, qısa müddət ərzində ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsi ilə üzləşdi. Bir illik AXC iqtidarı zamanı  Azərbaycanın strateji cəhətdən əhəmiyyətli əraziləri itirildi. Ordu quruculuğu sahəsində heç bir iş görülmədi. Dövlət quruculuğu kimi vacib məsələ başlı-başına buraxıldı. Xarici siyasət sahəsində buraxılan kobud səhvlər Azərbaycanın təklənməsinə, bir sıra qonşu dövlətlərlə  münasibətlərinin gərginləşməsinə səbəb oldu. Daxili sabitliyə ciddi təhdidlər isə Azərbaycanın bir müstəqil dövlət kimi varlığını sual altına aldı. 1993-cü ilin birinci yarısında Ermənistanın silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı Azərbaycanda böhranı daha da dərinləşdirdi. AXC iqtidarının  səriştəsizliyi, ciddi siyasi səhvləri, milli  məsələlərdə düzgün qərarlar qəbul edə bilməməsi hakimiyyəti iflic vəziyyətinə gətirdi.

Belə bir vəziyyətdə xalq Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürdü. Siyasi böhrandan çıxış yolu tapa bilməyən AXC iqtidarı xalqın bu haqlı tələbinə müqavimət göstərə bilmədi. 1993-cü il iyunun 9-da Heydər Əliyev Bakıya gəldi, vətəndaş müharibəsinin qarşısını almaq üçün Gəncəyə getdi və böhranın səngiməsinə nail oldu. 1993-cü il iyunun 15-də isə müstəqil Azərbaycanın siyasi tarixinin ən vacib günlərindən biri yaşandı. Milli Məclisin iclasında Ümummilli lider Heydər Əliyev Ali Sovetin sədri seçildi. Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik olan 1993-cü il oktyabrın 3-ü tarixində isə xalqımız öz gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi.

Azərbaycan xalqının müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə  qayıtması, əslində onun könüllü olaraq öz üzərinə olduqca vacib bir missiyanı götürmək demək idi. Bu missiya isə  Azərbaycanı təkcə siyasi, hərbi, iqtisadi deyil, həm də mənəvi böhrandan qurtarmaq, cəmiyyətdə ümidsizlik və inamsızlıq əhval-ruhiyyəsini aradan qaldırmaq, ölkəni inkişaf yoluna çıxarmaqdan ibarət idi.

Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən hakimiyyətə gələn Heydər Əliyev polad iradəsi, əzmi, zəngin təcrübəsi və uzaqgörənliyi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən gəlməyə qadir olduğunu sübut etdi.

Məhz Heydər Əliyevin müdrikliyi, zəngin təcrübəsi sahəsində qısa zaman ərzində ölkəmizdə ictimai-siyasi  sabitlik təmin olundu. Ulu Öndərin növbəti addımları isə bərbad vəziyyətə düşən ölkə iqtisadiyyatının qurulması ilə bağlı oldu. Bu da səbəbsiz deyildi. Ümummilli Lider Heydər Əliyev o zaman deyirdi ki, iqtisadi tərəqqiyə nail olmadan ordu quruculuğu sahəsində uğurlar əldə etmək mümkün deyil. Ona görə də iqtisadi sahədə islahatlar ölkə gündəminin ən əsas məsələlərindən birinə çevrilmişdi. Lakin o vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi və Ermənistanla müharibə şəraitində idi. Bu isə böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaq məsələsində ehtiyatla davranmağa vadar edirdi.  Lakin Ulu Öndərin müdrik siyasəti və beynəlxalq nüfuzu bu məsələnin də müsbət həll olunmasına səbəb oldu. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Sonradan “Əsrin müqaviləsi” adlandırılan bu saziş ölkəmizin inkişafına və təhlükəsizliyinə mühüm töhfələr verdi, Azərbaycanın beynəlxalq arenada mövqeyini möhkəmləndirdi.

Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu barədə danışaraq demişdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”. Ümummilli Lider çox qısa zaman kəsiyində ordu quruculuğu  istiqamətində də mühüm addımlar atdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.

Ulu Öndərin hakimiyyəti illərində Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində də xeyli işlər görüldü. Məsələn, 1996-cı il 2-3 dekabr tarixində Lissabonda ATƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə toplantısından öncə Heydər Əliyev orada iştirak edəcək bütün dövlət və hökumət başçılarına məktublar göndərərək onları ədalətli mövqe sərgiləməyə çağırdı.

Lissabon sammitində Qarabağla bağlı həqiqətləri bir daha səsləndirən Heydər Əliyev Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcəyini bildirdi. Ümumilikdə Heydər Əliyev 1993-2001-ci illər arasında 68 ölkənin dövlət və hökumət başçıları ilə Ermənistan-Azərbaycan münaqişəsinin müzakirə olunduğu 485 görüş keçirdi. Bu görüşlər zamanı Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti haqqında dövlət başçılarına, nüfuzlu siyasətçi və diplomatlara müfəssəl məlumatlar verilirdi ki, bu da Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyə malik olduğu haqqında təsəvvürləri möhkəmləndirirdi. 

Ulu öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ümummilli Lider illər öncə böyük uzaqgörənliklə deyirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”.

Nəhayət, 17 ildən sonra həmin yetişdi. Ümummilli Liderin qoyduğu möhkəm təməl əsasında Prezident İlham Əliyev Azərbaycanı ildən-ilə gücləndirdı, beynəlxalq aləmdə ölkəmizin mövqeyini möhkəmləndirdi, qüdrətli ordu yaratdı. Məhz həmin rəşadətli ordu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan Ulu Öndər kimi qalıb.  O, yalnız Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.

Tofiq Cahangirov,
YAP İdarə Heyətinin üzvü, professor




  • 10-05-2022, 12:47