AZ   |   RU
Hikmət Babaoglu: “Qalib xalqa çevrilməyimiz Heydər Əliyev ideyalarının təntənəsidir”

“Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın müasir hüquqi-siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, azərbaycanlı sosial üst kimliyinin, milli özünüdərk şüurunun formalaşdırıcısıdır”.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, Heydər Əliyev epoxal siyasətçi idi, onun Azərbaycanda hakimiyyəti ayrıca bir era təşkil edir: “Bu era müxtəlif ideoloji, siyasi və sosial qatlardan ibarətdir. Bütün dövrlərdə və bütün hallarda Heydər Əliyev erası xalqımıza xidmət etmək məqsədləri üzərində intişar tapıb. Onun Azərbaycanda hakimiyyəti iki, tamamilə bir-birinə zidd olan siyasi ideoloji sistemlərdə mövcud olsa da, fəaliyyətinin cazibə mərkəzi daima Azərbaycan dövlətçiliyi olub. Ancaq şübhəsiz ki, Heydər Əliyevin fəaliyyətini yalnız milli müstəvidə qiymətləndirmək doğru olmazdı. Onun adı və fəaliyyəti Azərbaycanın siyasi, inzibati və etnosiyasi coğrafiyası ilə məhdudlaşmır. Heydər Əliyev istər Sovet xalqları, istərsə də bütövlükdə Türk xalqlarının tarixində mühüm rol oynamış bir siyasətçidir. Heydər Əliyevin tarixin müxtəlif mərhələlərində aldığı kritik qərarlar bu gün müasir Türk dünyası xalqlarının və daha geniş mənada Orta Asiyadan Avropaya qədər uzanan böyük siyasi coğrafiyada yerləşən çoxsaylı xalqların müasir sosial-iqtisadi, mədəni-humanitar inteqrasiyası və birliyi kontekstində mühüm əhəmiyyət kəsb edir. Bura iqtisadi müstəvidə onun əsasını qoyduğu Bakı-Tbilisi-Ceyhan layihəsi və onun mədəni humanitar müstəvidə yaratdığı, daima sülhü və əməkdaşlığı təşviq edən siyasi dəyər və ənənələri də daxildir. Əslində Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin açarı kimi qiymətləndirilən üç dəniz əfsanəsini yaratdığı yeni geoiqtisadi perspektivlər kontekstində sonradan həyata keçiriləcək dörd dəniz əfsanəsi, yəni Cənub Qaz Dəhlizi layihəsinin də uğurunu təyin edirdi. Beləliklə Xəzər-Qara Dəniz - Ağ Dəniz triadasına sonradan Adriatik Dənizi də qoşularaq Avropanın müasir alternativ enerji təhlükəsizliyi kəmərini yaradacaqdı. Əgər həmin dövrün mövcud hüquqi şərtlərini və geosiyasi konfiqurasiyasını nəzərə alsaq, bu gün qətiyyətlə deyə bilərik ki, Heydər Əliyev o zaman hüquqsuzluq şəraitində hüquq , etimadsızlıq şəraitində isə yeni beynəlxalq etimad mühiti yaradırdı”.

Hikmət Babaoğlu qeyd edib ki, dövlətin və siyasətin sosiologiyası, yaxud xalqın özünü milli dövlətlə identikləşdirməsi müstəqillik dövrünün ən mühüm milli çağırışlarından biri idi: “Bu düsturu Heydər Əliyev dühası tapdı və tətbiq etdi. Hakimiyyətə gələr-gəlməz bəyan etdi ki, müstəqil Azərbaycan dövləti Azərbaycan xalqının milli sərvətidir. Bu ideoloji çağırış Azərbaycan cəmiyyətinin bütün etnokulturoloji və sosial-mədəni qatlarında eyni anlayış və coşqu ilə assosiasiya olundu. Səbəb isə o idi ki, çağırışı edən xalqın mənimsədiyi və qəbul etdiyi lider idi. Çünki hələ birinci hakimiyyəti dövründə Heydər Əliyev öz xalqının inam və etimadını qazana bilmişdi. Sırf sosial kontekstə isə cəmiyyət tərəfindən mənimsənilən bu tezis xalqın özünü milli dövlətinə mənsub hesab etməsi hadisəsinə çevrildi”.

Deputat nəzərə çatdırıb ki, ümumi yanaşma və ortaq ictimai qənaət Heydər Əliyevin azərbaycançılıq ideologiyasını Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra başlatdığı yönündədir: “Ancaq əslində Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını hələ Sovet dövründə, 1969-cu ildə Mərkəzi Komitəyə birinci katib seçildikdən dərhal sonra, Bakı Dövlət Universitetinin yaradılmasının 50 illik yubiley tədbirində Azərbaycan dilində söylədiyi nitqiylə qoymuşdu. Bu çıxışında Heydər Əliyev həm Azərbaycan dilini dövlət dili statusunda yenidən təqdim etmiş, həm də Bakı dövlət Universitetini yaradanları Azərbaycan xalqının böyük övladları kimi qiymətləndirmişdi. Burada məsələnin iki mühüm tərəfinin xüsusi şərhə ehtiyacı var. Birincisi, söylədiyi nitqində Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətini milli dövlətçiliyimizin mühüm həlqələrindən biri kimi qiymətləndir, ikincisi, dil üzərindən Cümhuriyyətimizlə birbaşa əlaqə qurudu. Beləliklə, orta statistik azərbaycanlının tarixi və dövlətçilik şüurunu yeniləməklə tarixi yaddaşımızın bərpası istiqamətində ona mühüm mesaj göndərmiş olurdu. Bunların hər ikisi öz dövrü üçün olduqca təhlükəli addımlar idi. Ancaq Heydər Əliyev bunu etdi. Nəticədə Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının 1978-ci il Konstitusiyasında rəsmi dil kimi öz əksini tapdı. Bir sözlə, azərbaycançılıq ideologiyasının alt komponentləri elə o dövrdən formalaşmağa başladı. Bu qatlar isə ən azı iki mühüm siyasi-ideoloji hadisə ilə tamamlanırdı. Birincisi, milli mühafizəkarlıq, yəni milli konservatizm, ikincisi isə universal dəyərlərlə zənginləşdirilmə, yəni liberalizm. Müstəqillik dövründə də Heydər Əliyev azərbaycançılıq ideologiyasını mühafizəkarlıq və universal dəyərlərin vəhdəti kimi təqdim edərək Azərbaycanın milli neokonservatizmini yaratdı. Bu isə hüquqi sistemimizdə vətəndaşlıq bərabərliyini və dövlət millətçiliyini, sosial münasibətlər sistemimizdə isə azərbaycanlı sosial üst kimliyini təyin etdi”.

Hikmət Babaoğlunun sözlərinə görə, əldə etdiyimiz tarixi Zəfər, ərazi bütövlüyümüzün bərpa olunması, qalib xalqa çevrilməyimiz Heydər Əliyev ideyalarının təntənəsidir: “Hazırda Azərbaycan xalqı təkcə öz müstəqillik dövrü tarixinin deyil, bütövlükdə dövlətçilik tarixinin ən əlamətdar bir mərhələsinə qədəm qoyub. Bu mərhələ torpaqlarımızın işğaldan azad edilməsi, xalqımızın ümummilli arzusunun reallığa çevrilməsi, inkişaf, tərəqqi, dirçəliş və intibah mərhələsidir. Ancaq müstəqillik tariximizin elə kritik səhifələri var ki, həmin mərhələlərdə də Heydər Əliyevin aldığı uzaqgörən strateji qərarlar olmasydı, milli dövlətçiliyimiz böhrandan xilas edilə, inkişaf edərək hazırkı mərhələyə çata bilməzdi. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Heydər Əliyevin yaratdığı milli dövlətçilik ənənələri üzərində təntənə edən müstəqil Azərbaycan, müstəqil dövlətçilik tariximizin ən güclü Azərbaycanıdır. Bu gün əldə etdiyimiz tarixi Zəfərimizdən sonra dönüb bizi bu Zəfərə gətirən yola baxdıqda görürük ki , bu yol elə Heydər Əliyev yoludur. Hazırda xalqımız özünə milli hesabat verərkən əldə etdiyimiz tarixi uğurların, qalib xalqa çevrilməyimizin, ərazi bütövlüyümüzü bərpa etməyimizin təməlində vaxtilə Heydər Əliyevin aldığı tarixi strateji qərarların olduğunu görür. Yüz il bundan sonra da bu dəyişməyəcək, yüz ildən sonra da dövlətçilik tariximizin bu mühüm kritik mərhələsini təhlil edənlər eyni qənaətə gələcəklər. Heydər Əliyev zirvəsi o zaman indikindən də aydın və parlaq görünəcək” .




  • 9-05-2022, 14:38