AZ   |   RU
İlham Əliyev: “Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq”
“Bizim bütün əsas həlledici əməliyyatlarımızda xüsusi təyinatlılar ön sırada idilər”.

Missiya.Az
xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində çıxışında deyib.

“Digər hərbi birləşmələr ilə birlikdə şəhər və kəndlərimizi azad edən xüsusi təyinatlıların rolunu mən xüsusilə vurğulamaq istəyirəm.

Uğurlu əməliyyatlardan sonra yolumuz Şuşaya açıldı. Yolumuz deyəndə, o yol yox idi. Uğurlu Hadrut əməliyyatından sonra, - hansı ki, Ermənistanda fərarilərin sayını kəskin artırmışdır, - onlar inanmırdılar ki, biz o istiqamətdə gedəcəyik. Onlar bizi başqa yerlərdən gözləyirdilər. Amma bizim aslanlarımız, igidlərimiz olmayan yerdə yol açdılar, öz əlləri ilə, öz ayaqları ilə, öz sinələri ilə. Dərələrdən, meşələrdən, cığırlardan keçərək istiqamət Şuşaya idi. Mən müharibə zamanı demişdim, Şuşasız bizim işimiz yarımçıq qalacaq. Müharibənin ilk günündən son gününə qədər hədəfimiz Şuşanın, bizim tacımız olan əziz şəhərimizin erməni tapdağından azad olunması idi və buna nail olduq, buna siz nail oldunuz, xüsusi təyinatlılar nail oldu. Neçə gün yorulmadan, əlində yüngül silahlarla o dərələrdən, meşələrdən keçərək Şuşaya yaxınlaşdı bizim igidlərimiz. Yol boyunca bir çox kəndi azad etdi, qan tökdü, şəhidlər verdi, amma dayanmadı, irəliyə getdi. Bu gün Şuşaya gələn hər bir insan, sadəcə olaraq, məəttəl qalır - bu alınmaz qalanı Azərbaycan övladları necə aldılar. Hər dəfə Şuşaya Zəfər yolu ilə gedəndə hər bir insan bu haqda fikirləşir”, - Azərbaycan Prezidenti vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, son vaxtlar artıq Zəfər yolu ilə Şuşaya gedən insanların sayı həddindən artıq çoxdur, həm Azərbaycan vətəndaşları, həm xarici vətəndaşlar: “Ondan sonra mənimlə təmaslar əsnasında qeyd edirlər ki, siz Azərbaycanda belə qısa müddətdə bu yolu necə çəkmisiniz? Mən isə deyirəm, əsas məsələ bu deyil, siz fikirləşin bizim əsgər və zabitlərimiz o meşələrdən necə keçiblər, o yolu onlar açıblar və bu yola mənim tərəfimdən Zəfər adı verilməklə biz bu şanlı Zəfərimizi bir daha tariximizdə həkk etdik. Zəfər yolu ilə Şuşaya yaxınlaşarkən o sıldırım qayaları görəndə hər dəfə mənim gözlərimin önünə siz gəlirsiniz. Bu alınmaz qala necə alındı - yüngül silahlarla, şəhər döyüşlərində, əlbəyaxa 
döyüşlərdə. Qarşıda, yuxarıda, dağın başında təpədən dırnağa qədər silahla, topla, tankla silahlanmış ermənilər sizin qarşınızda aciz idilər.

Həm gücünüz, həm iradəniz, peşəkarlığınız və Vətən sevgisi. Siz öz Vətəniniz uğrunda doğma torpaqda vuruşurdunuz. İşğalçı düşmən isə Azərbaycan torpağında sizin qarşınızda duruş gətirə bilməzdi. Şuşanın azad olunması müharibənin ən parlaq səhifəsidir. Bu gün dünyanın aparıcı hərbi məktəblərində Şuşa əməliyyatı, Hadrut əməliyyatı, digər əməliyyatlar öyrənilir”.

  • 30-04-2022, 14:41