AZ   |   RU
Nizami rayonunda Pasxa münasibətilə geniş tədbir keçirilib - Fotolar


Bu gün Nizami rayon İcra Hakimiyyətinin və Missiya Media Qrupunun birgə təşkilatçılığı ilə Pasxa bayramı münasibətilə Nizami rayonunun pravoslav xristian icmasının nümayəndələrinin iştirakı ilə mərasim təşkil olunub.

Tədbirdə Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin, Bakı yeparxiyası tabeliyində olan Mixail Arxangel kilsəsinin protoyereyi Mefodi ata, Nizami rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, Nizami rayon Rus İcmasının rəhbəri, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı Vitali Kovalyov, Ağsaqqallar Şurasının Nizami rayon təşkilatının rəhbəri Mail Əliyev, Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvü Eyvaz Hünbətov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin rəhbəri Məhi Mehtiyev, Nizami rayon Veteranlar Təşkilatının sədri Yahya Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Nizami rayon təşkilatının sədri Rəcəb Baxşıyev və Missiya Media Qrupunun nümayəndələri iştirak edib.  

Tədbirdə çıxış edən Azərbaycan Rus İcmasının rəhbəri, deputat Mixail Zabelin ölkəmizdə mövcud olan və bütün dünyaya nümunə göstərilən multikulturalizm və tolerantlıq mühitindən bəhs edərək, azsaylı xalqların bir yumruq kimi Azərbaycan adı ətradında birləşməsində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan danşıb. O həmçinin qeyd edib ki, Heydər Əliyevin yaratdığı sistem bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mixail Zabelin Azərbaycanda multikultural dəyərlər sisteminin möhkəmləndirilməsində Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın böyük rol oynadığını vurğulayıb. Deputat qeyd edib ki, Azərbaycanda rus icmasının nümayəndələri sülh və əminamanlıq içində yaşayırlar.  

Mixail Arxangel kilsəsinin protoyereyi Mefodi ata çıxışında Azərbaycanda insanlar arasında münasibətlərin dini baxışlara görə formalaşmadığını vurğulayıb. O qeyd edib ki, münasibətlər birmənalı olaraq dostluq və qardaşlıq ruhuna cavab verir.  

Nizami rayon İcra Hakimiyyətinin rəsmisi Bəhmən Hüseynov çıxışında qeyd edib ki, Azərbaycanda milli kimliyindən asılı olamayaraq hər bir vətəndaşa bərabər imkanlar yaradılıb ki, bu da bilavasitə Prezident İlham Əliyevin siyasi xəttinin əsas elementlərindən biridir. Bəhman Hüseynov Azərbaycanda tolerantlıq mühitinin dərin tarixi köklərə malik olmasından da geniş şəkildə bəhs edib.  

Nizami rayon Rus İcmasının rəhbəri Yuri Kovalyov da öz növbəsində onlara yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanın Əliyevaya təşəkkürünü bildirib. O həmçinin qeyd edib ki, icma nümayəndələri Nizami rayon İcra Hakimiyyətinin daim diqqət və qayğısı ilə əhatələnirlər. Vitali Kovalyov Pasxa bayramı münasibətilə geniş tərkibli mərasimin təşkil olunmasına və bayram sovqatlarına görə Nizami Rayon İcra Hakimiyyətinə və Missiya Media Qrupuna təşəkkürünü bildirib.  

Missiya Media Qrupunun baş redaktoru Nicat Dağlar tədbir iştirakçılarına Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədovun salamlarını çatdırıb. O bildirib ki, təmsil etdiyi media qrupu bundan sonra da Nizami rayonunun ictimai-siyasi və sosial həyatında yaxından iştirak edəcək və rayon İcra Hakimiyyətinin humanitar layihələrində yaxından dəstək verməyə çalışacaq.  

Daha sonra çıxış edən rayon ictimaiyyətinin nümayəndələri də bayram münasibətilə iştirakçıları təbrik edib və əmin olduqlarını bildiriblər ki, milli kimliyindən asılı olamayaraq bütün vətəndaşlar bundan sonra da ümumi vətənimiz olan Azərbaycanın inkişafı və daha da qüdrətlənməsi üçün çalışacaqlar.  

Tədbirin bədii hissəsində incəsənət ustaları Müslüm Maqomayevin repertuarından unudulmaz mahnılar ifa ediblər.  

Sonda rus icmasının təmsilçilərinə bayram münasibətilə Nizami rayon İcra Hakimiyyəti və Missiya Media Qrupu adından sovqatlar təqdim olunub.



  • 26-04-2022, 20:43