AZ   |   RU
Ukrayna-Rusiya müharibəsi xristianlığı da parçalayır - Putin-Kirill Ata ittifaqının ilginc pərdəarxası

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi xristianlığın cərəyanları, xüsusilə də pravoslav məzhəbi daxilində ciddi parçalanmalara səbəb olur. Xristianlığın məzhəbləri arasında yaşanan gərginliklə bağlı “The Washington Post” nəşrində geniş məqalə dərc olunub. 

Missiya.Az xəbər verir ki, məqalədə qeyd olunub ki, Ümumrusiya Patriarxı Kirillin Ukrayna-Rusiya müharibəsi fonunda sərgilədiyi qərəzli mövqeyə diqqət çəkilib və bu münasibətin dini sferada ciddi parçalanma yaratdığı vurğulanıb. 

Müəllif Ukrayna mövzusuna giriş etməmişdən əvvəl Rusiyanın 2015-ci ilin oktyabrında Suriya prezidenti Bəşər Əsədə dəstək məqsədi ilə başlatdığı hərbi əməliyyatlara ruhanilərin verdiyi xeyir-duadan yazıb. 

“Rus Pravoslav Kilsəsinin qüdrətli lideri və prezident Vladimir Putinin yaxın müttəfiqi Patriarx Kirill əməliyyatın Suriya xalqını terrorçuların gətirdiyi zülmündən qorumaq məqsədi ilə həyata keçirildiyini bəyan etmişdi. Həmin vaxt Kirill kilsəsinin əsas sözçüsü Vsevolod Çaplin daha da irəli getmişdi. O bəyan etmişdi ki, terrorizmlə mübarizə müqəddəs döyüşdür və bu gün Rusiya bəlkə də dünyada onunla mübarizə aparan ən fəal qüvvədir”, - müəllif yazır. 

Müəllif Kirillin Rusiyanın Suriyaya müdaxiləsindən 7 il sonra başlayan Ukrayna müharibəsi zamanı da eyni mövqeyi sərgilədiyinə toxunub. 

“Yeddi il sonra, Kirill və onun sadiq ruhaniləri başqa bir saleh, müqəddəs döyüşdə ölkələrinin rolu haqqında xütbələr söyləyirlər”, - müəllif yazır. 

Şərhçi Ukrayna və Rusiya xalqları arasında dini bağların dərin olmasından söhbət açıb və diqqəti Kirilin Moskvanın qonşu ölkəyə müdaxiləsi zamanı verdiyi reaksiyaya diqqət çəkib. 

“Ukraynada Moskvadakı kilsəyə tabe olan 12 000 kilsə var. Rusiya ölkənin şərqində yeni genişmiqyaslı hücuma başlayarkən, Kirill milyonlarla ukraynalının həyatı ilə bağlı çox az narahatlıq ifadə etdi. Bunun əvəzində Rus Pravoslav Kilsəsinin rəhbəri Putinlə eyni məşum və dərin ideoloji ritorika səsləndirdi. O, bu mübarizəni dini və milli dram, xeyirlə şərin ekzistensial döyüşü, rus-slavyan ənənələri, dəyərləri və birliyi arasında toqquşma və Rusiya sərhəddində çürüyən xarici təsirlər kimi qələmə verdi”, - müəllif belə qeyd edib. 


Nəşr Patriarxın martın 6-da dediyi xütbəsindən bir hissəyə də yer verib. 

Patriarx xütbəsində deyib ki, Tanrı Rusiyanın tərəfindədir.

“Biz fiziki deyil, metafizik əhəmiyyəti olan bir mübarizəyə girmişik.”

Müəllif yazır ki, Rusiya kilsəsi Kiyev-Moskva toqquşmasını sivlisasiyalararası qarşıdurma kimi təqdim etməyə çalışır. 

“Suriyanın əks-sədaları Ukraynada daha da güclənir. Düşünə bilərsiz ki, LGBT hüquqlarının Ukraynadakı qanlı müharibə ilə nə əlaqəsi var? Lakin Kirill uzun müddətdir ki, Moskvanın geosiyasi çağırışlarını mühafizəkar, mədəni cəhətdən fəzilətli Rusiya ilə azğın, əxlaqsız Qərb arasında qarşıdurma kimi təqdim etməyə çalışır. Onun mesajları Kremlin dünyəvi mövqelərini möhkəmləndirdi, Putinin özünün postsovet millətçi layihəsini formalaşdırmağa kömək etdi və indi Rusiyanın büdrəyən müharibə səylərinə legitimlik parıltısı əlavə edir.” 

Müəllif Stokholm Universitet Kollecinin ekklesiologiya, beynəlxalq əlaqələr və ekumenizm professoru Kiril Hovorun da fikirlərinə yer verib. 
Kiril Hovor düşünür ki, istənilən müharibənin silahı və ideyası olmalıdır.

Sitat: "Bu müharibədə Kreml silah verdi. İnanıram ki, kilsə də ideyaları təmin edir."

Şərhçi yazır ki, kilsənin Rusiya cəmiyyətinə güclü təsir etməsi nəticəsində, Kremlin Ukraynadakı əməliyyatlarına ictimai dəstək yüksəkdir.
 
Sitat: “Putinin hakimiyyəti son həftələrdə daha repressiv fazaya qədəm qoyduqca, patriarx Kremlə ictimai dəstək verməyə çağırıb ki, Moskva həm xarici, həm də daxili düşmənlərini dəf edə bilsin”. 

Müəllif Moskva və Kiyev pravoslavları arasında parçalanmanın dərinləşməsi ilə yanaşı, Rusiyanın daxilindəki dini cərəyanların qarşı-qarşıya gəldiyini yazır. O qeyd edir ki, artıq Ukraynadakı müharibəyə qarşı çıxan rusiyalı keşişlər işlərini itirməklə üz-üzə qalıblar. 

“Müharibəyə və Ukraynadakı iztirablara son qoymağa çağıran moizələr deyən keşişlərin işlərini itirməsi ilə bağlı məlumatlar var. Keçən həftə 320-dən çox vətəndaş Kirilli müharibəni qızışdırmaqda günahlandıran və onun vəzifədən azad etdirmək üçün kilsə tribunalının qarşısına çıxarılmasını tələb edən məktub imzalayıb. Onlar qeyd ediblər ki, Kiril Ukraynaya qarşı müharibəyə xeyir-dua verməklə və Rusiya qoşunlarının Ukrayna ərazisindəki aqressiv hərəkətlərini tam dəstəkləməklə mənəvi cinayətlər törədib. Bizim Moskva Patriarxına kanonik şəkildə tabe olmağımız qeyri-mümkündür.” 

Yazırda qeyd olunub ki, Kiyev və Moskva arasındakı siyasi gərginlik artıq Ukraynanın pravoslav icması daxilində də parçalanmaya səbəb olub və bəzi icmalar artıq özlərini pravoslavlarla əlaqələndirmirlər. 
 

Elvin 
Missiya.Az




  • 19-04-2022, 16:47