AZ   |   RU
Paşinyan İlham Əliyevin “Ermənistan, dalandadır” fikirini təsdiqlədi - Erməni mediası yazır

Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan, Türkiyə və ümumilikdə Cənubi Qafqazın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər ölkə mediasında gündəm yaradır. Məsələn, Nikol Paşinyanın Təhlükəsizlik Şurasının son iclasında regiondakı nəqliyyat xətlərinin blokadadan çıxarılması barədə dediyi sözlər medianın yeni müzakirə mövzusudur. O, iclas zamanı bildirib ki, Ermənistanın uzun müddət mühasirədə saxlanılması ölkəni regiondan uzaqlaşdırıb. 

Missiya.Az xəbər verir ki, Paşinyan iclas zamanı Ermənistanın dalan dövlət olduğunu, blokadaya alındığını təsdiqləyib. 

Ermənistan mediası baş nazirin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi fikirləri Prezident İlham Əliyevin  “Ermənistan, sən dalansan” ifadəsi  ilə müqayisə edib. “Politik.am” saytında dərc olunan yazıda qeyd edilir ki, Paşinyan “Mühasirə bizi regiondan uzaqlaşdırdı” cümləsi ilə İlham Əliyevi təsdiqləmiş olur. 

Sitat: “Təəccüblüdür ki, Paşinyan “Ermənistanın uzun müddət mühasirədə saxlanılması ölkəni regiondan uzaqlaşdırıb” deyə düşünür. Bu, sözün əsl mənasında, Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Ermənistanı regional layihələrdən təcrid etmək üçün hər şeyi etdiyinə dair fikiri ilə razılaşmaq deməkdir. Başqa sözlə, Nikol Paşinyan Əliyevin məqsədinə çatdığını elan edir”, - sitatın sonu. 

Qeyd edək ki, Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın Ermənistanı bütün beynəlxalq layihələrdən və nəqliyyat dəhlizlərindən kənarda saxladığını bəyan edib. Sitat: “Biz nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir etdimi? Yox. Nəyə görə?”, - sitatın sonu. 

Artıq həm siravi ermənilər, həm də hökumət rəsmiləri Azərbaycan rəhbərliyinin apardığı uğurlu siyasəti təsdiqləyir. Həmçinin bir çox erməni siyasətçilər artıq işğalçılıq siyasətinin Ermənistana fayda vermədiyini və inkişafa gedən yolun Türkiyə və Azərbaycanla əməkdaşlıqdan keçdiyini bəyan edir. Məsələn, bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan Ermənistanın Armavir vilayətinə səfəri zamanı “Türkiyə düşmən deyil” ifadəsini, Təhlükəsizlik Şurasının sədri   Armen Qriqoryan isə jurnalistlərə açıqlamasında “Bölgəni blokadadan çıxarmaq istəyiriksə, yanaşmalarımızda bəzi dəyişikliklər etməliyik” fikirini səsləndirib. Proseslər göstərir ki, Ermənistanda hazırda hakimiyyətdə olan qüvvələr regiondakı yeni reallıqları dərk etməyə başlayıblar. Rəsmi Bakı da regionda əməkdaşlıq mühitinin yaranmasında maraqlıdır. 

Amma Azərbaycanın əsas istəyi Ermənistanın Qarabağda müharibənin dayandırılması ilə bağlı 10 noyabrda imzalanan üçtərəfli bəyanatın bütün bəndlərinə tam şəkildə əməl etməsidir. Rəsmi İrəvan bütün öhtəliklərə əməl edəcəyi təqdirdə regionda əməkdaşlıq mühiti yarana bilər..

Elvin
Missiya.Az


  • 31-03-2021, 16:26