AZ   |   RU
​BMT Təhlükəsizlik Şurasında söz döyüşü – ABŞ və Rusiya diplomatları arasında gərginlik

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ABŞ və Rusiya diplomatları arasında gərginlik baş verib. 

Missiya.Az Qərb mediasına istinadən xəbər verir ki, gərginlik ötən gün Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirdiyi toplantıda yaşanıb. 

Avropalı müttəfiqləri tərəfindən dəstəklənən ABŞ, iclasda Rusiyanı Ukrayna sərhədlərində 100 mindən çox əsgər toplamaqda, sülhü təhdid etməkdə və qlobal təhlükəsizliyi pozmaqda ittiham ediblər. 

Kreml diplomatları isə bildiriblər ki, ABŞ Rusiyanı zəiflətmək və silahlı qarşıdurmanı qızışdırmaq məqsədi ilə əsassız iddialar ortaya atır. Rusiya diplomatları ABŞ-ın iddialarını “isterik qorxu” adlandırıb və rədd edib. 

Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, gələcək müharibə ilə bağlı söhbətlər özlüyündə təxribat xarakterlidir.
 
“Siz deyəsən, buna çağırırsınız, bunun baş verməsini istəyirsiniz və gözləyirsiniz, sanki öz fərziyyələrinizi reallığa çevirmək istəyirsinz", - Rusiya nümayəndəsi BMT-nin yığıncağında bildirib.
 

Qeyd edək ki, ötən gün BMT Təhlükəsizlik Şurasının ABŞ-ın təşəbbüsü ilə keçirilən Ukrayna üzrə iclası Rusiya və Çinin etirazlarına baxmayaraq baş tutub. 

Məlumata görə, iclasın yekunu kimi rəsmi nəticələr - sənədlər və qərarlar qəbul olunmayıb. 
  

Missiya.Az


 


  • 1-02-2022, 10:10