AZ   |   RU
“Nə baş verəcəyini yalnız Putin bilir”

Qərb mediası “Rusiyanın Ukraynaya təcavüzü” iddiası ilə bağlı ziddiyyətli məlumatlar yayır. Bəzi anonim xarici media mənbələri iddia edirlər ki, əllərində “planlı işğala dair danılmaz sübutlar” var. Digərləri iddia edirlər ki, NATO Rusiyanın Ukraynaya qarşı “işğal planlaşdırmadığını" qəbul edir.

Missiya.Az xəbər verir ki, “Euractiv” nəşri Şimali Atlantika Alyansındakı anonim mənbəyə istinadən yazıb ki, Rusiya Ukraynanın işğalını planlaşdırmır.
“Ukrayna kimi bir ölkəni işğal etmək üçün hazırda sərhəddə yerləşdirilənlərdən fərqli hərbi imkanlar lazımdır”, - mənbə bildirib.

O vurğulayıb ki, NATO alyansın üzvü olmadığı üçün Ukraynaya münasibətdə hərbi müdaxilə etməyə nə vəzifəsi, nə də haqqı var, lakin “NATO ölkəsinə hücum edilsəydi, hər şey tamamilə fərqli olardı".
“Əgər Rusiya NATO üzvü olan dövlətə hücum etmək kimi bir səhvə yol versəydi, bizi üçüncü dünya müharibəsi gözləyərdi”, - mənbə bildirib.
Onun sözlərinə görə, Ukrayna NATO-nun “gücləndirilmiş tərəfdaşıdır”, yəni alyansın Moskvaya qarşı kütləvi sanksiyalara səbəb ola biləcək müəyyən mənəvi öhdəlikləri var.

Eyni zamanda mənbə bildirib ki, “Qərb Moskvanın işğal planlaşdırmaması ilə bağlı bəyanatına inansa belə, hər an eskalasiya mümkündür”.

“İnanın mənə, amerikalılar həqiqətən də, Rusiya ilə dərhal gərginliyin azaldılmasını istəyirlər” deyən mənbə əlavə edib ki, NATO Rusiyanın birbaşa təhdid olduğunu bilir, eyni zamanda ən böyük təhlükənin indi rahat müşahidəçi mövqeyi seçmiş Çin olduğunu da qəbul edir. 

O, Ukrayna böhranı və Moskvanın növbəti addımları ilə bağlı suala cavabında deyib ki, “nə baş verəcəyini yalnız prezident Vladimir Putin bilir, halbuki hətta Kreml rəhbərliyinin də Rusiya liderinin planları barədə heç bir fikri yoxdur”.







  • 28-01-2022, 22:40