AZ   |   RU
Ermənistanda ən yaxşı idmançılara ödənilən mükafatın bir hissəsi kəsilib

Ermənistanda 2021-ci ilin 10 ən yaxşı idmançısına öncədən elan olunan 5 milyon dram (təqribən 17 min 618 manat) əvəzinə 3 milyon 911 min dram (13 min 780 manat) ödənilib.

Missiya.Az
xəbər verir ki, bu barədə "News.am Sport"a mükafatlandırılmış idmançıların özləri açıqlama veriblər. Onlar bildiriblər ki, aldıqları məbləğdən 731 min dramı (2 min 575 manat) Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin tələbi ilə yığma komandaların məşqçilərinə ödəməlidirlər.

İdmançıların mükafatlandırılma mərasiminin yeri və vaxtı isə 2 dəfə dəyişdirilib. Tədbirədək onların hesablarına 3 milyon 911 min dram köçürülsə də, mərasim zamanı 5 milyon dramlıq sertifikatlar verilib. Sonradan "10-luğ"a deyilib ki, köçürülmüş vəsaitdən 731 min dramı yığmaların məşqçilərinə verilməlidir. Nəticədə idmançıların mükafatları 5 milyon dram əvəzinə 3 milyon 180 min dram (11 min 204 manat) təşkil edib.

5 milyon dram əvəzinə 3 milyon 911 min dramın ödənilməsi onlardan 1 milyon 89 min dram (3 min 837 manat) məbləğində əlavə dəyər vergisinin çıxılması ilə əsaslandırılıb. Halbuki 2019-cu ildə 5 milyon dram mükafat tam həcmdə ödənilib.

İdmançılardan bir neçəsi mükafat məbləğindən narazılığını bildirərək, bunu özləri üçün təhqir hesab etdiklərini vurğulayıblar. Onların fikrincə, öncədən böyük məbləğ vəd edərək, tam fərqli həcmdə ödəmək düzgün deyil.

Qeyd edək ki, Ermənistan idmançıları Tokio-2020 Yay Olimpiya Oyunlarında 2 gümüş, 2 bürünc medal qazanıblar. Bundan başqa dünya çempionatlarında 1 qızıl, 2 gümüş, 3 bürünc, Avropa çempionatlarında 4 qızıl medal əldə olunub.


  • 26-01-2022, 18:12