“Bakı şəhəri, Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən binalarda hər hansı söküntü, demontaj işlərinin aparılmasını qadağan edən bir neçə məhkəmə qərarı var. Ancaq cavabdeh “İnvest M. Construction” şirkəti dövlət adından çıxarılan məhkəmə qərarlarını vecinə almır. Xəlvətə salıb, fürsət tapan kimi qanunsuz şəkildə yaşadığımız binaları yararsız hala salmaqda davam edirlər”.
Bunu sözügedən ərazidə yaşayan sakinlər mediaya növbəti müraciətlərində bildiriblər.
Sakinlər deyir ki, paytaxtın “Yaşıl vadi” adlanan, 100 ildən çox yaşı olan ağaclarla əhatələnmiş məhəlləsində “İnvest M. Construction” adlı tikinti şirkəti yeni bina tikmək niyyətinə düşüb: “Bu şirkət iki ilə yaxındır biz sakinlərin başına müsibətlər gətirməklə məşğuldur. Bugünədək bizə ancaq əzab veriblər, yalançı vədlərlə əhalinin bir qismini aldatmağa çalışıblar. Bu müddət ərzində MMC binalarda bəzi boş mənzilləri söküb dağıdıb, belə görüntü, xof yaratmağa çalışıb ki, guya artıq buralar sökülür, qaçaq gedək, nə desələr razılaşaq, ev-eşiyimizdən olaq. Bu şirkət ilk gündən bizə əzab verir, balansında bizə kompensasiya ödəmək üçün pulu olmadığını da etiraf edir. Üstəlik, eşitmişik ki, bu MMC-nin sahibləri paytaxtın digər bir ərazisində 7 il əvvəl bina tikməyə başlayıb, ancaq iş yarımçıq olaraq qalıb, sakinlər didərgin salınıb. Bu dəhşəti bizə də yaşatmaq istəyirlər”.
Vətəndaşlar bildiriblər ki, “İnvest M. Construction”un nizamnamə kapitalı cəmi 100 manatdır: “Bu şirkət xidmət MMC kimi tanınır, indiyədək “İnvest M. Construction” tikinti işləri ilə məşğul olmayıb. Görmüşük ki, ciddi şirkətlər gəlib əhali ilə danışır, anlaşır və kompensasiya istəyənə nağd ödəniş, mənzil istəyənə isə daha böyük ölçülü mənzil təklif edirlər. Ancaq bu şirkət ilk gündən gəlib burada xof yaratmaqla, bizə problemlər yaratmaqla, 50 ildir yaşadığımız qanuni mülkümüzdən didərgin salmaqla məşğuldur. Binadakı bir neçə kirayəyə verilən, boş olan mənzillərin sahibləri ilə gizlicə danışıqlar aparıblar, onlara deyiblər ki, evi məsələn, 300 manata kirayəyə verirsən, mən 350 manat verirəm, 5 il sonra da əvəzinə mənzil verəcəm yeni binada. Onları beləcə aldadıb, mənzili söküb dağıtmağa başlayıblar. Ərazi olub kriminalların, narkomanların yuvası. Bir neçə mənzilin küçə tərəfdən divarını da dağıdıblar. Yoldan keçən biri ora siqaret atsa, bütün bina yanıb kül olacaq. Qışın günündə binanı alaçığa döndəriblər, mənzillərimizi qızdıra bilmirik, sanki bura bomba düşüb. Sabah bu insanlar küçələrdə qalanda dövlətin üzərinə qaçacaq. Şirkət isə aradan çıxacaq. Bu qanunsuzluğu durdurmaq lazımdır, nəticələri daha ağır ola bilər”.
Miqrasımov küçəsinin sakinləri bildirir ki, təkcə Mirqasımov 4 ünvandakı binada 170 mənzil var: “Bu şirkətin də balansında pul yoxdur. Gah deyir kredit götürüb bina tikəcəyik, sizə sonda mənzil verəcəyik, gah deyir yeni binanın mənzillərini payçılardan alacaqları pulla tikəcəklər. Belə qeyri-ciddiliklə iş olmaz. MMC-nin nə Bakı Şəhər İcra Hakimiyyəti, nə də Nəsimi Rayon icra hakimiyyəti ilə tikintinin deyilən vaxtda yekunlaşacağına dair müqaviləsi var. Şirkət sadəcə BŞİH-dən bu ətrafdakı 1,55 hektar ərazidə tikinti aparmağa razılıq alıb, heç bir öhdəlik götürməyib.
Bir ilə yaxındır ki, qaçdı-qovdu oyununu xatırladan davranış sərgiləyirlər. Bizim razılığımız alınmadan, yaşıl vadidəki 180 ədəd böyük ağacları da gələcəkdə kəsməklə, sakinlərə konpensasiya ödəmədən binanı sökməyə çalışırlar. Bu qanunsuzluğun dayandırılması üçün müvafiq qaydada məhkəmələrə müraciət etmişik. Azı 5 instansiya vətəndaşların xeyrinə qərar verib. 9 iyul 2021-ci il tarixli məhkəmənin (Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) qərardadında yazılır: “Mirqasımov küçəsi ev 4 ünvanında yerləşən yaşayış binasında hər hansı tikinti-quraşdırma işlərinin, o cümlədən ərazidə tikintiyə hazırlıq işlərinin aparılması, yaşayış binasında köçürülmüş mənzillərin sökülməsi, binaya daxil olan kommunikasiya sistemlərinin sıradan çıxarılması, “İnvest M. Construction” MMC-yə qadağan edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının tikintisi məqsədi ilə torpaq sahəsinin icarə əsasında “İnvest M. Construction” MMC-nin istifadəsinə verilməsi haqqında” 274 saylı 18.02.2020-ci il tarixli sərəncamının icrası həmin hissədə dayandırılsın”.
Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (sədrlik edən və məruzəçi hakim Azər Hüseynov) da bu qərarı qüvvədə saxladı.
Ancaq şirkət yenə də qanunları pozmaqda davam edib, dövlətin qanununa, məhkəmənin qıərarına tabe olmamaq üçün hər vasitəyə əl atıb. Ərazini abadlaşdırmaq əvəzinə viran qoymaqda davam edib.
“İnvest M. Construction” və BŞİH absurd şəkildə kassasiya şikayəti verərək, bizim xeyrimizə çıxarılmış, tam qanini, əsaslı məhkəmə qərarını ləğv etdirməyə və qanunsuz tikinti-söküntü işlərini davam etdirməyə çalışdı. Lakin buna da nail ola bilmədilər.
İşə hazırda kassasiya instansiyasında mahiyyəti üzrə baxılır. Bu müddətdə MMC yenə də gecələr bəzi mənzilləri söküb-dağıtmağa çalışırdı. Biz bunun dayandırılması üçün Nəsimi Rayon Məhkəməsinə də müraciət etdik. Nəsimi Rayon Məhkəməsi də 3 noyabr 2021-ci ildə qərardad çıxardı ki, Mirqasımov 4, İmran Qasımov 19, Topçubaşov 14 ünvanlarında yerləşən çoxmənzilli binalarda hər hansı demontaj, söküntü işlərinin aparılması “İnvest M. Construction” MMC-yə qadağan olunsun. Bundan verilən apelyasiya şikayəti üzrə çıxarılan qərarda isə yazılıb: “Hazırkı mülki işə üzrə yekun qərar çıxarılanadək Mirqasımov 4 ünvanda hər hansı demontaj, söküntü işlərinin aparılmasının qadağan olunması öhdəliyinin cavabdeh “İnvest M. Construction” MMC-nin üzərinə qoyulması öhdəliyi dəyişdirilmədən saxlanılsın”.
Bu qədər məhkəmə qərarları var, lakin şirkət yenə də fürsət tapan kimi dağıdıcılıq işlərini davam etdirir. Şirkətin məhkəmə qərarına məhəl qoymaması barədə Nəsimi Rayon Məhkəməsini, icra məmurlarını ötən həftə məlumatlandırdıq. Hakim Səməd Cəfərov əraziyə gəldi, yerində baxış keçirdi. Faktları öz gözləri ilə gördü və müvafiq tədbirlər görüləcəyini sakinlərə bildirdi. Biz dövlətimizdən, müvafiq orqanlardan bu məsələni ciddi nəzarətə götürməyi xahiş edirik. Fakt bu şirkət dövlətə də, vətəndaşlara da acı sürprizlər hazırlayır. Sabah biz küçələrdə qalanda məcbur olub dövlətdən yardım istəyəcəyik. Bu şəraiti isə öz qanunsuzluqları ilə tikinti şirkəti yaradır. İndidən onları dayandırmaq lazımdır”.
Musavat.com