AZ   |   RU
Erməni təxribatlarının arxasında hansı məqsədlər dayanır? - Politoloq şərh edir

Yanvarın 11-dən başlayaraq Azərbaycan -Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin yaydığı son məlumata görə, yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik, Yellicə, eləcə də Şəmşəddin rayonunun Çinarlı, Muğancıq kəndləri istiqamətində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan  Ordusunun mövqelərini atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub.

Mediada yayılan xəbərlərdə isə bildirilir ki, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən, düşmənə məxsus 2 postu dağıdıb. Nəticədə qarşı tərəf 5-8 nəfər arası itki verib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi (2021-ci il, 26 noyabr) və Brüssel (2021-ci il, 15 dekabr) görüşündən sonra dövlət sərhədində hər hansı ciddi hərbi toqquşma qeydə alınmamışdı.

Bu görüşlərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı verdiyi müsbət mesajlar, xüsusilə Qarabağın Azərbaycana məxsusluğunu dilə gətirməsi, rəsmi İrəvanın sülhpərvər addımları kimi qiymətləndirilirdi.

Amma 2022-ci ilin əvvəlindən başlayaraq Ermənistan sərhəddə yeni təxribatlar törətməyə başlayıb və hər gün təxribatların miqyasını genişləndirməyə davam edir.

Rəsmi İrəvanın məqsədi nədir? Təxribatların araxasında hansı maraqlar dayanır?

Ermənistanın son günlər törətdiyi təxribatların məqsədi ilə bağlı Missiya.Az-a açıqlama verən politoloq Tural İsmayılov bildirib ki,  ötən il yanvarın 11-də keçirilmiş Moskva görüşünün bir illiyində Ermənistanın törətdiyi bu tipli təxribatlar görüşlərdə əldə olunmuş nəticələri sabotaj etməyə cəhd kimi dəyərləndirilməlidir:  “Ermənistan 11 yanvar (2021-ci il) Moskva görüşünün il dönümündə proseslərin icrasını uzatmağa çalışır. İrəvan təkcə Azərbaycanın qazandığı qələbəni deyil, eyni zamanda prosesdə vasitəçi olan Rusiyanın Cənbubi Qafqazla bağlı irəli sürdüyü təşəbbüsləri gözdən salmağa çalışır. Bununla da Türkiyə-Rusiya-Azərbaycan üçlüyünün dünyanın iqtisadi inkişafına töhfə verəcək layihələrinin icrasını yubatmağa çalışırlar. Həmçinin Ermənistanın təxribatlarından bir daha bəlli olur ki, rəsmi İrəvanın Qərb qarşısında müəyyən öhdəlikləri var. Qərbdəki müəyyən dairələr regionda qeyri-sabit mühitin qalmasında maraqlıdır. Digər tərəfdən, Ermənistana sərhədlərin delimitasiya və demarkasiyası, Zəngəzur dəhlizinin açılması ilə bağlı təzyiqlər edilib. Rəsmi İrəvan bu cür sərhəd təxribatları ilə gündəmi dəyişməyi, fikir yayındırmağı hədəfləyir”.

Politoloq bildirib ki, Ermənistanın təxribatlarının danışıqlar prosesinə təsir edəcəyini düşünmür: "Bunlar çox ucuz addımlardır və heç bir effektiv nəticəsi olmayacaq. Regionda sülhün, etimad mühitinin formalaşması, Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyən edilməsi ilə bağlı şərtləri təkcə qalib tərəf kimi Azərbaycan diqtə etmir. Regional oyunçular da vəziyyətin stabilləşməsində maraqlı olduqlarını dəfələrlə bəyan ediblər. Rusiyanın da vəziyyətin stabilləşməsi ilə bağlı mövqeyi ortadadır. Bundan başqa, Cənubi Qafqazda sabitlik naminə Azərbaycanın diqtə etdiyi şərtlər Rusiya tərəfindən dəstəklənir. Türkiyənin də Cənubi Qafqazdakı maraqlarını, sülhə və sabitliyə vermək istədiyi töhfəni kənara qoya bilmərik. Bu məsələdə Türkiyə Azərbaycan və Rusiya ilə eyni mövqeni bölüşür”.

Qeyd edək ki, Ermənistan mətbuatı və siyasiləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Azərbaycan-Ermənistan sərhədində baş verənlərə hələ də reaksiya verməməsini tənqid edirlər. Onlar düşünürlər ki, KTMT tez bir zamanda Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşma ilə bağlı mövqe sərgiləməlidir.

Ermənistan hakimiyyətinin KTMT-ni sərhəd gərginliyinə cəlb etmə cəhdinə toxunan Tural İsmayılov bildirib ki, qeyd edilən hərbi blokun hazırda baş verən sərhəd gərginliyinə heç bir aidiyyəti yoxdur: “Ona görə ki, Azərbaycan Ermənistanın hansısa ərazisinə təhdid yaratmır və eyni zamanda qonşu ölkənin ərazisinə heç bir müdaxilə etmir. Azərbaycan sadəcə Ermənistanın dövlət sərhədində törətdiyi təxribatlara müdafiə xarakterli cavablar verir. Bu səbəbdən baş nazir Nikol Paşinyanın KTMT-ya müraciətlərinin heç bir əhəmiyyəti yoxdur. Paşinyanın 44 günlük müharibə zamanı da KTMT-ya etdiyi müraciətlərə heç bir cavab verilməmişdi”.

Elvin Məmmədov
Missiya.Az

  • 12-01-2022, 17:49