Dekabrın 21-də İslamabaddan yola düşən İslamabad-Tehran-İstanbul (İTİ) yük qatarının Ankaraya çatması ilə əlaqədar mərasim keçirilib.Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mərasimdə çıxış edən Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ölkəsinin 2021-ci ildə 225 milyard dollarlıq ixracatla rekord qırdığını və Cümhuriyyət tarixində ilk dəfə olaraq dünya ticarət həcmindəki payını aşdığını bildirib.
Karaismailoğlu qeyd edib ki, beynəlxalq dəhlizlər yaradaraq qitələr arasında fasiləsiz və keyfiyyətli nəqliyyat infrastrukturu yaratmaq üçün çox çalışıblar.
Nazir dəmir yolu şəbəkəsini 12 min 803 kilometrə çatdırdıqlarını vurğulayıb:
"Dəmir yolunda səmərəliliyi və təhlükəsizliyi artırmaq üçün siqnal xətlərimizi 172 faiz, elektrikləşdirilmiş xətlərimizi isə 180 faiz artırdıq. İstifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti sayəsində Orta dəhlizdən səmərəli istifadə etmək imkanı yaranıb.
Çinlə Avropa arasında dəmiryolunda yük daşımaları mümkün olur. Artıq 12 min kilometrlik Çin-Türkiyə yolu 12 gündə tamamlanır. İllik beş min bloklu qatarın 30 faizini Avropaya daşımaq üçün işlərimizi tam sürətlə davam etdiririk.
Türkiyəyə Orta Dəhliz və Bakı-Tbilisi-Qars marşrutundan ildə 1500 blok qatar işlətməyi və Çinlə Türkiyə arasında 12 günlük müddəti 10-a endirməyi hədəfləyirik. Bu xətdən daha səmərəli istifadə edərək və daha yüksək tutumla ixracatçılarımızı 250 milyard dollarlıq hədəf üçün dəstəkləyəcəyik".
Mərasimdən sonra yük qatarı İstanbula yola salınıb. Sözügedən layihədə dəmir yolu məsafəsi 6 min 543 kilometrdən ibarətdir.