
Ermənistan və İran arasında siyasi, iqtisadi və mədəni sahələrdə 10 anlaşma memorandumu imzalanıb.
Missiya.Az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, sənədlər İran prezidenti Məsud Pezeşkianın başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfəri çərçivəsində imzalanıb.
O cümlədən, Ermənistan və İran xarici işlər nazirlikləri arasında 2025-2027-ci illər məsləhətləşmələr planı imzalanıb.
Ermənistan İqtisadiyyat Nazirliyi ilə İranın Standartlaşdırma üzrə Milli Təşkilatı arasında yoxlama, uyğunluğun qiymətləndirilməsi, metrologiya və texniki tənzimləmə sahəsində əməkdaşlıq haqqında memorandum, həmçinin 2025-2029-cu illərdə peşə təhsili sahəsində əməkdaşlığa, şəhərsalma və yol tikintisi sahəsində əməkdaşlığa, tibbi məhsulların istehsalının tənzimlənməsi sahəsində əməkdaşlığa dair memorandumlar imzalanıb.
Bundan əlavə, Ermənistan Milli Arxivi və Milli Kitabxanası, İran İslam Respublikasının Milli Arxivi, həmçinin Ermənistan və İran Milli Muzeyləri arasında anlaşma memorandumu və erməni Kino Fondu ilə İran Kino Təşkilatı arasında da anlaşma və əməkdaşlıq memorandumu imzalanıb.
Xatırladaq ki, İran prezidenti Məsud Pezeşkian Ermənistana ilk rəsmi səfərini avqustun 18-də edib.
Nurlana Əhmədova
Missiya.Az