
“Ukrayna müharibənin başa çatması müqabilində ərazilərin bir hissəsinin Rusiyaya verilməsini nəzərdə tutan ssenariləri nəzərdən keçirmir”.
Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa çexiyalı həmkarı Yan Lipavski ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, Ukrayna BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanan ədalətli, hərtərəfli, davamlı sülh axtarır.
Sibiqa bildirib ki, işğalçıya güzəşt siyasəti “Münhen”in səhvlərini təkrarlayır və Kremlin “Münhen-2” yaratmaq və təsir dairələrinin bölünməsi üzərində qurulmuş dünya nizamını qorumaq planlarına uyğundur.
"Bu, əslində, Rusiya Prezidenti Vladimir Putinin can atdığı şeydir: Təsir dairələrinin bölünməsi üzərində qurulmuş Yalta dünya düzəninin davamı olan "Münhen-2" siyasəti. Müvafiq olaraq, dünya buna birgə sülh səyləri, qəti reaksiya ilə qarşı çıxmalıdır, çünki Putin onu sınaqdan keçirir", - deyə siyasətçi vurğulayıb.
Sibiqa qeyd edib ki, hazırkı mərhələdə prioritet atəşkəsin yaradılmasıdır və bu, gələcək danışıqlar üçün əsas olacaq.
O xatırladıb ki, Ukrayna 5 ay əvvəl ABŞ Prezidenti Donald Trampın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib və hazırda Rusiyadan analoji razılaşma gözləyir.
“Və əlbəttə ki, bizim burada ABŞ-nin həm iştirakına, həm də rəhbərliyinə ehtiyacımız var və biz bu səylərə görə minnətdarıq”, - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az