
"Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması Rusiyanın Cənubi Qafqazdakı siyasətinin uğursuzluğudur. Rusiya regionda təsir imkanlarını itirib, günahkarlar isə cəzasız qalır. Artıq səhvləri etiraf etmək və böyük dövlət statusunu bərpa etmək vaxtı çatıb".
Missiya.Az xəbər verir ki, bu sözləri rusiyalı filosof Aleksandr Duqin deyib.
Onun sözlərinə görə, bu sənəd Rusiyanın gücsüzlüyünün göstəricisidir.
"Bu müqavilə gücsüzlüyümüzün sübutudur. Biz artıq postsovet məkanına belə nəzarət etmirik. Əgər burada bizə hörmət edilməsə, dünya səhnəsində bizi kim hesaba alacaq? Bu, sadəcə məğlubiyyət deyil, hər bir rusiyalının üzünə vurulan sillədir", - deyə filosof əlavə edib.
Duqin qeyd edib ki, siz Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı günahlandırmaqla özünüzə haqq qazandıra bilməzsiniz:
“Etiraf etməliyik ki, danışıqları yanlış insanlara həvalə etdiyimiz üçün uduzduq. Bunu alçaqlıq kimi qəbul etməsək, suveren sivilizasiya olmaqdan çıxacağıq. Günahkarlar cavab verməlidir", - deyə filosof vurğulayıb.
Duqin qeyd edib ki, ya biz maraqlarını qoruya bilən imperiyayıq, ya da “müttəfiqlərin” bizi satmasını sakitcə izləyərək rüsvayçılığa boyun əyirik. Ədalət olmadan bizim gələcəyimiz yoxdur.
Filosof həmçinin bəyan edib ki, müttəfiqlər Moskvadan asılılığı yox, sülhü seçəndə Kreml bunu xəyanət adlandırır. Reallıqda bu, yalnız uzun müddət davam edən şantaj və digər ölkələrin maraqlarına etinasızlıq siyasətinin nəticəsidir.
Daşqın Həsənov
Missiya.Az