Missiya.Az xəbər verir ki, “Heydər Əliyev Fondu”nun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə çəkilən və dünyada böyük marağa səbəb olan, Xocalı faciəsinin ilk şahidi ukraynalı pilot Leonid Kravetsin soyqırım barədə danışdıqları əsasında çəkilən “Cəhənnəmi Görmüş Pilot” sənədli filminin quruluşçu-rejissoru Elmar Məlikovun növbəti işi olan “Dəhliz”-in əsas məqsədi Xocalı qətliamının necə baş verdiyinin bu günə kimi qaranlıq qalan detallarını ictimayiləşdirməkdir.

Filmdə Ermanistan hakimiyyətinin guya Xocalıda soyqırım törədilməməsi ilə bağlı irəli sürdüyü iddiaları tutarlı sübut və faktlarla darmadağın edilir.

Filmin müəllifi Elmar Məlikovun AzNews.az-a verdiyi xəbərə görə, CBC kanalının texniki dəstəyi ilə hazırlanan filmdə Azərbaycanın tanınmış jurnalistləri Ceyhun Əsgərov və Vüsalə Məmmədova da öz töhfələrini veriblər.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı azərbaycanlılara qarşı törədilən qətliam zamanı 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.