AZ   |   RU
”Gənclik-millətin inkişafının təməlidir- Vətən uğrunda canını fəda etmiş minlərlə gəncimizi də unutmuruq”- TAİB sədri

"Bu gün gənclərin bayramıdır. O gənclərin ki, hər iki cəbhədə Azərbaycanı zəfərə götürdü".

Missiya.Az
xəbər verir ki, bunu Türk Ağsaqqalları Birliyinin(TAİB) sədri Sudeif İmamverdiyev "Ağsaqqallar.com"a müsahibəsində deyib.

Sudeif İmamverdiyev gəncləri təbrik edərək  qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına özünü həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb:

"Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi, “Gənclər proqramı” prosesinin müvəffəqiyyətli həlli məhz ulu öndər Heydər Əliyevin xidmətləridir.

Ulu Öndər bütün fəaliyyəti boyu qabaqcıl və mütərəqqi qüvvələrə arxa, dayaq olaraq, xalqı arxasınca aparıb. Bu gün isə xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşib".

TAİB sədri bildirib ki, gənclik hər bir millətin inkişafının təməlidir.

"Gənclərin vətənpərvər ruhda böyüməsi, cəmiyyət üçün yararlı vətəndaşa çevrilməsi üçün dövlətlə yanaşı biz ağsaqqalların da boynunda məsuliyyət yüküdür.

Dövlətimizin gənclərin potensial gücünü artırmaq üçün həyata keçirdiyi “Gənclər proqramı” uğurla davam edir. Onların gələcəyi üçün hər cür şərait yaradılıbdır. Bu yöndə misilsiz işlər görülür. Gənclərin Azərbaycan cəmiyyətindəki rolu, ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, idmanda, təhsildə və digər sahələrdə qazandıqları uğurlar biz ağsaqqalların köksünü fəxrlə qabardır.

Hamımız bilirik ki, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və gələcəyinin etibarlı təminatı məhz gənclərimizdən asılıdır. Vətən uğrunda canını fəda etmiş minlərlə gəncimizi də unutmuruq.

Allah şəhidlərimizə rəhmət eləsin. Onların da bayramıdır. Şəhadətə yüksəlmiş bütün gənclərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayır!
Əziz gənclər! Rəhbərlik etdiyim Türk Ağsaqqalları Arasında Əlaqələrin İnişafı İctimai Birliyinin bütün üzvləri adından bayramınızı təbrik edir, sizə bol-bol uğurlar arzulayırıq",-deyə Sudeif İmamverdiyev qeyd edib.

Leyla SƏMƏNDƏR
Missiya.Az


  • 2-02-2023, 13:02